Özündənrazı “ulduzlar”

16:40 Problem 153
Özündənrazı “ulduzlar”

İslandiya millisi ilə oyundan sonra qanı qanımızdan, canı canımızdan olan azərbaycanlı futbolçuların demək olar hamısı cani-könüldən müsahibə verməyə razılaşdı.

Məğlubiyyətə izah verdilər. Yenilgini hərəsi bir formada izah etdi. Biri dedi, qol vəziyyətlərindən istifadə edə bilmədik, o biri dedi, islandlardan keyfiyyət baxımından geri qaldıq, bir başqası bəxtimizin gətirmədiyini söylədi.

Onları nə asan oldu, nə də kəsən. Sual verdik, cavab aldıq, çıxış getdilər.

Lakin özünü böyük zat sayan Renat Dadaşovla Anton Krivotsyuk.

Aman Allah, siz bir onların yerişini, özlərini eşitməməzliyə vurub kameraların önündən keçdiyini görərdiniz. Elə bil, uduzan yox, udan komandanın futbolçuları idi.

Anton müsahibə almaq istəyimi qulaqlarının ardına vurmaqla keçdi. Sanki onu səsləmirəm, sanki başqa Anton da varmış kimi sağa-sola boylana-boylana uzaqlaşdı. Həmkarlarımızdan biri avtobusun yanında yaxalayıb danışdırmağa müvəffəq olsa da.

Renat isə rus dilində “indi gəlirəm” sözünü verib bir az aralaşdı. Gah əlindəki telefonla qurdalandı, gah səmaya baxıb ulduzları seyr etdi, gah da ətrafa göz gəzdirdi.

Bəndənizin yaxınlaşdığını görəndə, telefonun ekranına baxıb, kiminləsə görüntülü danışırmış cildinə girib başını telefona qarışdığını bildirdi. Və övbəti dəfə “gəlirəm” deyib aradan çıxdı.

Deyəcəksiniz ki, günah sizdədir, elələrindən niyə müsahibə alırsız? İşimiz budur, məcburuq. Siz oxucuları xəbərlərlə “qidalandırmaq” üçün bəzən bu və digər çətinliklərə dözməli oluruq. Çünki həm Antondan, həm də Renatdan millinin İslandiya ilə oyunundan başqa soruşmaq istədiyim suallar var idi.

Bu yolu gedənlərin başında Ramil Şeydayev dayanır. O da bu günün özünə qədər müsahibədən qaçır, özünü alçaq dağları yaratmış hesab edir. Vaxtilə millidə onun etdiyini indi xarakterdə özünə oxşar Renatla Anton davam etdirir.

Kişilərin oğulları legioner həyatı yaşayır axı. Bunlar başqa dünyanın adamlarıdır, ulduzlardır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti