Bu gün bir xəbər çıxdı qarşıma.
Gənc qapıçı Yusif İmanov Kosovodan - "Malışeva"dan ayrılıb, Vətənə geri dönüb.
Düzü, çox təəssüfləndim. Aylar öncə onun "Sabah"dan necə ayrıldığını xatırlayanda ikiqat təəssüfləndim.
Yəni bir karyeranın üzərindən xətt çəkmək bu qədər rahat idimi?
Yusif yayda "Sabah"ı qalmaqalla, müqaviləni birtərəfli qaydada pozmaqla tərk etmişdi. Həmin "Sabah"ı ki, bu klubun akademiyasında yetişmişdi, peşəkar futbolçu kimi ilk addımlarını burada atmışdı.
Hətta səhvlərinə, medianın "Sabah"a Yusifin yerinə təcrübəli qapıçı lazımdır" iradlarına rəğmən, daima bu klubun start heyətində yer alırdı.
Sonra nə oldu? "Sabah" yeni əcnəbi qapıçı aldı (Qazaxıstan millisinin üzvü - Stas Pokatilov), Yusif isə döyüşə girməmiş, "ağ bayraq" qaldırdı.
Neçə illik klubu ilə müqaviləyə birtərəfli qaydada xitam verərək (FIFA hələ bu məsələ ilə bağlı qərarını açıqlamayıb), yollandı ölkə xaricinə.
Özü də hara? Hələ ölkəmizin müstəqilliyini tanımadığı Kosovoya.
Məntiqlə Azərbaycanın ən iddialı klublarından birində əsas heyət davası edən bir futbolçu Kosova çempionatında tək ayaqla (qapıçılar üçün tək əllə) oynamalı idi.
Amma mənzərə başqa oldu. Düzü, Kosova çempionatı barədə məlumat internetdə çox az olduğundan Yusifin orada neçə oyunda və ya neçə dəqiqə şans qazanması barədə dəqiq informasiyamız yoxdur.
Məşhur "transfermarkt" saytının statistik göstəricilərinə inansaq, bu rəqəm həm oyun, həm də dəqiqə sayında "0"-dır.
Yəni bu qədər həngamə buna görə idimi? Kosova çempionatında belə bir neçə ay ehtiyatda oturub geri qayıtmaq üçünmü? Bəs bu itirilən ayların hesabını kim verəcək bu gəncimizə?
Dünənə kimi ölkəmizin iddialı klublarından birinin əsas qolkiperi olan, hətta milli səviyyəsinə kimi yüksəlmiş qolkiper Kosovanın ortabab klubunda da özünə yer edə bilmir. Ölkə futbolu adına çox acınacaqlı mənzərədir.
Yusif İmanov həqiqətən ölkənin ən perspektivli qolkiperlərindən biridir. Şəxsi fikrimdir ki, onun səviyyəsi, perpektivi Kosova çempionatından qat-qat yüksəyinə layiqdir.
Bəlkə də özü də seçim edərkən reallığı yox, yanlış addım atdığının fərqindədir.
Ümid edirəm ki, həm "Sabah"la aralarında olan anlaşmazlığı tezliklə aradan qaldıracaq, həm də karyerasının növbəti addımlarını daha doğru - bu dəfə məntiqə uyğun şəkildə atacaq.
Amma dəqiq olan odur ki, hələ FIFA-nın qolkiperin "Sabah"la müqaviləyə birtərəfli qaydada xitam verməsi ilə bağlı yekun qərarının qəbul edilmədiyini də nəzərə alsaq, Yusif yayda atdığı addımla çox şeylər itirdi.
OSMAN

