Artıq «Karvan»ın işi bir Allaha qalıb. Hər ötən gün onların əleyhinə işləyir.
«Karvan» üç turdur çıxdığı oyunlarda hesabı açan tərəf olur və üçündə də meydanı məğlub tərk edirlər.
Bu, hansısa hikmətdən xəbər vermir.
Bu, konkret məşqçi işinin zəifliyindən, həftəlik hazırlıq prosesinin düzgün tərtib olunmamasından, rəqiblərin yerli-yataqlı analiz edilməməsindən xəbər verir.
Əgər komanda hər həftə zədə üzündən bir neçə futbolçusunu itirirsə, demək ki, məşq planlaması səhvdir.
Elə oyun olmur ki, minimum bir-iki nəfər oyunu yarımçıq tərk etməsin.
Bunun məsuliyyətini Azər Həşimov üzərindən ata bilməz. Eləcə də, onunla bərabər məşqçi korpusunda yer alan digərləri.
«Araz-Naxçıvan»la qarşılaşmada «Karvan»ın taktiki cəhətdən zəif hazırlaşması da özünü bəlli etdi.
Müdafiə olunmağın da təhəri var - topu cərimə meydançasından və onun həndəvərindən necə gəldi uzaqlaşdırmaq hələ təhlükəni sovuşdurmaq deyil.
«Karvan»ın halına hakimlər də acımır. Nicat İsmayıllının son dəqiqələrdə «Araz»ın lehinə təyin etdiyi və ev sahiblərinə qələbə gətirən penaltinin ədalətlə yaxından-uzaqdan əlaqəsi yoxdur.
«Karvan»ın kapitanı Vadim Abdullayev qapıya istiqamətlənmiş zərbənin qarşısını kəsmədi, lakin referi 180 dərəcə fərqli baxış sərgilədi.
«Karvan» bir qədər iddialı klub olsaydı, rəhbərliyi ortalıqda görünsəydi, bu adam özündə belə cəsarət tapmazdı. Birinci dəfə deyil ki…
MUSA

