"Denisin məni bağışlayacaq qədər böyük ürəyi var".
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Sabah"ın forvardı Pavol Safranko "Turan Tovuz"la matçda zədələdiyi Denis Marandiçi ilə xəstəxanada görüşü barədə danışarkən deyib.
Sloveniyalı hücumçu D.Marandiçinin pozitiv insan olduğunu vurğulayıb:
"Denislə görüşdüm. O, çox nikbindir, bu, sevindirici haldır.
Mənə dedi ki, hazırda müalicə aldığı klinikadakı həkimlər çox yaxşı iş görüblər, hər şey qaydasında getsə, tezliklə yaşıl meydanlara qayıdacaq.
Onunla söhbət zamanı vəziyyətin bu qədər uğursuz alınamasında süni örtüyün də rol oynaması barədə danışdıq.
Ümumiyyətlə, Denis fantastik dərəcədə pozitiv biridir, həyata çox müsbət tərəfdən baxır və bundan əlavə, onun məni bağışlayacaq qədər böyük ürəyi var".
Denis Marandiçi Azərbaycan Kubokunun 1/8 finalının "Sabah"la oyununda Pavol Safranko ilə mübarizə zamanı ağır zədə alaraq meydanı tərk edib.
Görüşün əsas vaxtı 1:1 hesabı ilə bitib. Penaltilər seriyasında isə "Sabah" daha dəqiq olub - 3:1.