Yeni müharibə qapıda? - Məğlubiyyətinə yiyə durmayan millət... onu bir də yaşayacaq

7 May 2022 23:30 Problem 1 017
Yeni müharibə qapıda? - Məğlubiyyətinə yiyə durmayan millət... onu bir də yaşayacaq

Ermənistanda yenə ara qarışıb, məzhəb itib. Kapitulyant ölkədə faktiki “hamı hamıya qarşı” vəziyyəti hökm sürür.

Yaxa cıranların önündə isə Rusiyaya və erməni lobbisinə bağlı radikal-revanşist qüvvələr, özəlliklə daşnaklar və Qarabağ klanının təmsilçiləridir.

Onlar hakimiyyəti ələ keçirmək üçün sonuncu patronlarını atmağa başlayıblar. 1998-ci ildəki kimi, yenə erməni xalqının “saqqızını” oğurlamağa ümid edirlər.

Ancaq Paşinyan iqtidarı özünə kifayət qədər əmin-arxayın görünür. Bu əminliyi hökumət aparatı rəhbərinin müavini Taron Çaxoyan belə ifadə edib:

“Baş nazirin istefası haqda şayiə yayanlar istefa əvəzinə qulaqlarının dibini görərlər. Ermənistan vətəndaşları öz seçimini cəmi bir il əvvəl ediblər. Hər il istefa və növbədənkənar seçki tələb etmək absurddur. İrəvan küçələrində “Artsax”ı xilas edən insanlar öz tərəfdarlarını ruhlandırmaq üçün növbəti yalanı yayırlar. Başa düşürəm, sıralarınız seyrəlib, getdikcə azalırsınız. Ancaq belə şuluqluqlarla tərəfdaşlarınızı daha da məyus edirsiniz”.

Radikal müxalifətin əsas şüarı isə ənənəvidir - “artsax məsələsi”. Guya bir ovuc Qarabağ ermənilərinin dərdini çəkənlərin tək hədəfi əlbəttə ki, Paşinyanı devirməkdir. Hərçənd onlar 44 günlük müharibədən sonra xalqın “artsax” mövzusuna marağının itdiyini bilməmiş deyillər. Ermənilərin əksəriyyəti yaxşı fərqindədir ki, “artsax” qatarı gedib və müxalifət sadəcə, yenə bulanıq suda balıq tutmaq, hakimiyyətə qayıtmaq sevdasına düşüb...

“Qarabağ problemi İrəvanda həll olunacaq. Ona görə biz bura yığışmışıq”. Bunu da dünən müxalif “Şərəfim var” blokunun deputatı Tiqran Abramyan İrəvanın “Fransa meydanı”nda çıxışı zamanı deyib.

Həmin meydana toplaşanların hamısı aşağı-yuxarı, şübhəsiz, eyni təfəkkürdədir və eyni avantürist yolun yolçularıdır. Bir ağızdan “müharibəni Ermənistan yox, Paşinyan uduzub” deyənlər də onlardır. Amma 1-ci Qarabağ savaşında rusun hesabına qazandıqları “qələbəyə” az qala İrəvandakı bomjlar da şərik çıxırdı. Odur ki, cənab dığalar, zəhmət çəkin, məğlubiyyətinizə də yiyə durun! Bayırda indi 21-ci əsrin 20-ci illəridir, ötən əsrin 90-cı illəri yox...

“Qarabağ məsələsinin İrəvanda həll olunacağına” gəlincə, bədbəxt haylar, Qarabağ məsələsi çoxdan bitib, masa üzərində indi artıq Ermənistanın öz taleyidir! Göydən yerə enmək istəməyən bu axmaqlara hələ də elə gəlir ki, hakimiyyət dəyişən kimi möcüzə baş verəcək və o saat “Dağlıq Qarabağ”ı qaytaracaqlar. Nə ilə, hansı resurslarla, necə, bunu demirlər.

Çünki deyə bilmirlər. Çünki “artsax”ın kitabı həmişəlik bağlanıb. Bunu az-çox ağlı başımda olan ermənilər əla bilir. Elə ona görə ötən il parlament seçkilərində əksər seçicilər Nikol Paşinyanın partiyasına səs verdi - müharibəni uduzan Paşinyanı seçkilərdə qalib elədi.

Daha bir səbəb: radikal müxalifətin iddiasının əksinə olaraq, erməni xalqının yarıdan çoxu 44 günlük müharibədə uduzan tərəfin Paşinyan deyil, Ermənistan dövləti olduğuna inanır. Demək, hakimiyyətin dəyişməsi ilə, “toplananların yerini dəyişməklə” reallıq, “cəm” dəyişməz...

Zaman-zaman yazdığımız kimi, erməni xalqının xilası hakimiyyət dəyişikliyinə yox, məfkurə dəyişikliyinə bağlıdır. “Miatsum” sərsəmləməsindən, “dənizdən-dənizə Böyük Ermənistan” xülyasından birdəfəlik imtinaya bağlıdır. Həm də bacardıqca tez.

İstənilən halda, təzə baş nazir acı reallıqdan qaça bilməyəcək, Nikolun öz ölkəsi adına götürdüyü yazılı öhdəliklərin hamısını gec də olsa yerinə yetirməli olacaq. Lakin bir ciddi fərqlə: ona qədər 3-cü Qarabağ savaşı alovlana və Ermənistan növbəti sarsıdıcı zərbə ala bilər. Yeni rəhbər 10 noyabrdakından (2020) daha rüsvayçı bir kapitulyasiya aktına imza atmalı olar.

Bişəkk, müxalifətin aksiyalarının yetərli kütləvilikdə olmaması ən əvvəl bu arqumentə bağlıdır. Təbii ki, fors-major vəziyyətlər istisna deyil. Məsələn, Paşinyana qarşı terror aktının törədilməsi. Ancaq bundan uduzan yenə Ermənistan və onun xalqı olacaq. Zira, tarixdən dərs götürməyənlər onu bir də yaşamalı olurlar...

Digər Xəbərlər
Xəbər Lenti