“Mahirə təzyiqlər əsasən tribuna fanatlarından idi. Daha çox onlar təzyiq edirdi”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında vaxtilə Azərbaycanın bütün yaş qruplarından ibarət yığmalarının şərəfini qorumuş, hazırda Polşada bərbərliklə məşğul olan Pərvin Paşayev deyib.
“Qəbələ” və “Kəpəz” kimi Premyer Liqa təmsilçilərinin formasını geyinməyə imkan tapmış sabiq futbolçu Mahir Emreli “Legiya”da oynadığı dönəmdə onunla xoş münasibətdə olub.
Emrelinin Varşava klubunda başına gələnlər Paşayevi və oradakı azərbaycanlılar təəssüfləndirib.
Maraqlıdır ki, yerli azarkeşlərin heç də hamısı Azərbaycan millisinin hücumçusuna nifrətlə yanaşmayıb.
Mahirin “Legiya”ya qayıtmaq istəməməsini anlayışla qarşılayanlar da olub. Pərvinin bu haqda dedikləri:
“Legiya”nın sıravi azarkeşləri Mahirin xətrini istəyirdi, hörmət edirdilər. Hətta klubdan ayrılmağını da istəmirdilər. Hətta klubla futbolçu arasındakı münasibətlərin qaydasına düşəcəyini düşünürdülər.
Həmin ərəfədə Azərbaycanın adı burada dillərdə gəzirdi. Və bu hər birimizə xoş gəlirdi. İstedadlı futbolçudur, Allah bundan sonra daha yüksək zirvələri fəth etməyi nəsib etsin”.
Mahir Emreli ötən ili dekabrında Plotsk “Visla”sına məğlubiyyətdən sonra “Legiya”nın avtobusuna basqın edən azarkeşlərin hücumuna məruz qalmış və komanda yoldaşı Lukinyasla birgə zərbələr almışdı. Hazırda bu futbolçuların heç biri “Legiya”da oynamır.
HƏBİB

