"Dövlət başçısının bu sözünü hər sahədə rəhbər tutmalıyıq" - FOTOLAR

18 Aprel 2022 22:40 Problem 1 769
"Dövlət başçısının bu sözünü hər sahədə rəhbər tutmalıyıq" - FOTOLAR

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru” adlı tədbir keçirib.

Sportinfo.az xəbər verir ki, məqsəd 2022-ci ilin Şuşa ili elan olunduğunu da nəzərə alaraq, ədalətli idmanın və ölkənin ləyaqətlə təmsil edilməsi prinsiplərinin geniş təbliğidir.

Bu məqsədlə İlham Zəkiyev, Hacı Əliyev, Kamran Şahsuvarlı, Rüstəm Orucov, Ruslan Abışov kimi məşhur idmançıların iştirakı ilə müzakirlər aparılıb. Tədbirdə onların iştirakı ilə Şuşada çəkilmiş eyniadlı vidoçarxın təqdimatı da olub.

AMADA-nın direktoru Şəfəq Hüseynli Azərbaycanın hər zaman ədalət prinsipinin tərəfdarı olduğunu bildirib:

“Cənab Prezident İlham Əliyev idmanda ədalətli yarışmağın vacibliyini vurğulayıb. Onun güləşçilərlə görüşündə də çox vacib fikirlər səsləndirilib.

Bildirilib ki, nəticədən asılı olmayaraq, idmançılarımız ədalətlə yarışmalıdırlar. Dövlət başçısının bu sözünü idmanın hər sahəsində rəhbər tutmalıyıq.

Bizim ölkəmizə yalnız təmiz qələbələr yaraşır. Şuşa şəhərində layihələr reallaşdırmaq istədik.

Şuşanın işğaldan azad olunduğu gün bizim Zəfər Günümüzdür. Biz də dahilərin və qəhrəmanların izi ilə təmiz qələbələrə doğru layihə reallaşdırdıq”.

Ardından layihə əsasında hazırlanmış videoçarxın təqdimatı olub. Ş.Hüseynli Şuşa səfərinin baş tutması və yaradılan şəraitə görə ölkə rəhbərliyinə,

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə və orada fəaliyyət göstərən hüquq mühafizə orqanlarının əməkdaşlarına minnətdarlığını bildirib.

Daha sonra ədalətli idmanın və təmiz idman dəyərlərinin qorunmasında idmançıların və medianın rolu mövzusunda müzakirələr aparılıb.

Çıxış edən idmançılar və media nümayəndələri AMADA-nın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib və “Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru” layihəsinə dəstəklərini ifadə ediblər.

Ədalətli idmanın təbliğinin vacibliyi vurğulanıb, bu istiqamətdə məşhur idmançıların və medianın rolunun artırılması ilə bağlı təkliflər irəli sürülüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti