Polisə və azarkeşə söz deyə bilməyən AFFA – Analoqu olmayan qərar

17 Aprel 2022 19:40 Problem 837
Polisə və azarkeşə söz deyə bilməyən AFFA – Analoqu olmayan qərar

AFFA-nın İntizam Komitəsi aprelin 15-də baş tutan iclasda verdiyi qərarla üzümüzü güldürdü.

Nəzər yetirək:

-13.04.2022-ci il tarixində I Divizionun XXI turunun “Turan Tovuz” – “Kəpəz” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən icazəsiz pankart açıldığına görə klub 160 manat cərimə olunur (maddə 41.9).

Söhbət gəncəli fanatların Tovuzda açdığı məlum pankartdan – “Nəticələriniz gözlərimizi YAŞARdır”dan gedir.

Bu cür absurd və mənasız cərimə qərarı ancaq Azərbaycanda verilə bilərdi.

Əvvəla birinci suala aydınlıq gətirək ki, İntizam Komitəsi baş məşqçi, lap dəqiq desək, klubun siyasəti əleyhinə açılan pankarta görə klubu niyə cəzalandırmalıdır?

Döyülüb-söyülən də klub olur, pulu ödəməli olan da klub? Niyə? Hansı məntiqlə?

“Kəpəzin” həmin 160 manatı ödədyəcəyi prosesə diqqət yetirək. Azarkeşlər AFFA-nın baş məşqçi postuna təyin etdiyi Yaşar Vahabzadəni təhqir edir və AFFA-nın maliyyələşdirdiyi klub - “Kəpəz” elə həmin AFFA-ya 160 manatı ödəmək məcburiyyətində qalır.

Pul bir cibdən o biri cibə köçür. Bəs, bu məsələdə məlum pankartı açan azarkeşlərin cəza-cəriməsi nə olacaq? Baş məşqçi təhqir olundu, “Kəpəz” AFFA-ya cərimə ödədi. Məntiq nədir?

Keçək ikinci suala. Azarkeşlərin xoşagəlməz pankart açmasına görə günah qonaqlardadır, yoxsa təhlükəsizliyi təmin etməli olan meydan sahiblərində?

Fanatların stadiona daxil olmasını, onların üst-başının yoxlanılmasnı təmin etməli olan kim idi? Tovuz polisi, deyilmi?

Növbəti sual. Gəncəli fanatlar həmin gün Yaşar Vahazadənin yox, ölkə rəhbərliyinin əleyhinə etiraz xarakterli pankart açsaydı, yenə “Kəpəz” cərimələnəcəkdi, yoxsa Tovuz polisi, şəhərin hüquq-mühafizə orqanına cavabdehlik daşıyanlar?

Bir də ki, azarkeşlərə pankart açmamağı tapşırmaq, bu yöndə onlara yalvar-yaxar etmək “Kəpəz” rəhbərliyinin vəzifə borcudur məgər?

Bəylər, lütfən, özünüzü gülünc duruma salmayın! Məlum olayla bağlı İntizam Komitəsinin qərar çıxarmasının özü faciədir. O ki qalmışdı “Kəpəz”i cərimələmək.

O pankartı hazırlayan, stadionda rahat-rahat açan azarkeşə, həmin pankartın açılmasının qarşısını almalı olan polisə söz deyə bilmirsinizsə, susun, danışmayın. Yox, özünüzü güldürmək həvəsinə düşmüşdünüzsə, bunu bacardınız.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti