"Kəpəz”də ancaq gəncəli işləməlidir? – MÜBAHİSƏ DOĞURAN YANAŞMA

17 Aprel 2022 16:00 Problem 1 286
"Kəpəz”də ancaq gəncəli işləməlidir? – MÜBAHİSƏ DOĞURAN YANAŞMA

“Turan Tovuz”la oyunda “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadənin başına gələnləri oxudum, ertəsi özü ilə danışdım.

Açığı, təəccüblənmədim. Çünki oxuduqlarımla eşitdiklərim Gəncə futbolunda rastlaşdığım ilk belə hal deyildi.

“Gəncədə ancaq gəncəlilər işləməli, gəncəlilər oynamalıdır” kimi absurd bəyənatı yerli azarkeşlər çoxdan hazırlayıb.

Maraqlıdır ki, bu fikirlə yaşayan təkcə sıravi futbolsevərlər deyil. Həm də saçını futbolda ağartmış, futbol ictimaiyyətində kifayət qədər nüfuzu olanlardır.

Onlar da bu düşüncədədir ki, “Kəpəz”in “sükanı” arxasında Bakıdan gəlmiş Vahabzadə “otura” bilməz. 5 il əvvəl eyni münasibət Şahin Diniyevə bəslənilirdi, bu gün Yaşar gözümçıxdıya salınıb.

Hesab 0:0 olarkən istefa tələb edirlər, oyuna hazır atmacalı pankartla gəlirlər, baş məşqçini küçə söyüşləri ilə təhqir edirlər, ardıcıl 2 ildir komanda qış fasiləsinə qədər inamlı təsir bağışlayıb, həlledici mərhələdə yenilgiləri sıralayır – bir az da tər tökməklə ortaya daha çox fakt çıxartmaq olar.

Ki, “Kəpəz”in elitaya gətirilməsi söhbəti var deyə, indidən tədbir görülməlidir. Guya Vahabzadəni göndərib, yerinə Ayxan Abbasovu, ya da Elxan Abdullayevi gətirsələr, nəsə dəyişəcək? Əsla!

2-3 yenilgidən sonra onları da “istefaya göndərəcəklər”. Bu, Gəncə futbolunda yazılmamış qanundur, belə olmalıdır.

Tək Gəncədə yox, bir çox bölgələrdə “ənənə” davam etdirilir. “Qəbələ” avrokuboklara vəsiqə uğrunda mübarizə aparanda, Qəbələdə bir qrup yerli azarkeş Ramiz Məmmədovu istefaya səsləmirdi məgər?

İndi mənə bir şey maraqlıdır. Məsələyə həmin məntiqlə yanaşsaq, Bakıda işləyən gəncəli Mahmud Qurbanov, Yunis Hüseynov, Maşallah Əhmədovə və bir sıra futbolçulara da eyni münasibət göstərilməlidir?

Məsələn, sabah hansısa gəncəli məşqçi Xızının komandasını çalışdırmalı olsa, yerli azarkeşlər onun üstünə getməli, uğursuz olması üçün əlindən gələni etməli, qısası gözümçıxdıya salmalıdır?

Absurddur, düzgün yanaşma deyil, əziz qardaşlarım. Hamımız azərbaycanlıyıq, hamımız bakılı, hamımız gəncəliyik.

Siz gəncəlilər Yaşarla birləşib Gəncə futbolunu birlikdə ayağa qaldırmağa çalışın. Bakılı fanatlar Mahmuda dəstək verib “Neftçi” üçün gəncləri yetişdirməsinə kömək etsin.

Vallah-billah, futbol bu cür gözəldir. “Gəncədə ancaq gəncəlilər işləməli, oynamalıdır” düşüncəsi kökündən yanlışdır.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti