Premyer Liqanın 23-cü turu "Keşlə"nin "Qarabağ" önündə darmadağın olması ilə yadda qaldı.
Lider moldovalı qolkiper Stanislav Namaşkonun qoruduğu qapıdan nə az, nə çox 8 qol keçirdi.
Bununla da əcnəbi qapıçının bu mövsüm qapısında gördüyü qolların sayı 36-ya çatmış oldu. O, bu göstəricidə bütün həmkarlarını qabaqlayır.
Belə biabırçı statistikaya sahib 35 yaşlı əcnəbi nəyə lazımdır axı? Baxın, azərbaycanlı futbolçuların haqqı belə yeyilir.
Təbii ki, Namaşko Moldovadan bura qəpik-quruşa gəlməyib. Aylıq kifayət qədər yaxşı məbləğdə maaş alır - 4 min dollar.
Elə olmaz ki, həmin pul yerli qapıçılardan birinə verilsin? Heç həmin məbləğə də gərək yoxdur. Yarısını da versəniz yetərlidir. "Qəbələ"də Nicat Mehbalıyev, "Sumqayıt"da Aydın Bayramov (O da artıq yalnış qərarın qurbanı olub),
"Sabah"da Yusif İmanov kimi misallar fikrimizin əyani sübutudur. Deməli, axtarsan Namaşkadan daha etibarlı neçə-neçə yerli qapıçı tapmaq olar.
Həm yerli şans qazanar, həm də pula qənaət etmiş olarsan. Hətta əminəm ki, statistika bundan pis olmaz, daha yaxşı olar.
Çox uzağa getmək də lazım deyil. Elə "Şamaxı"nın özünün üçüncü qapıçısı olan Əkbər Vəliyev kifayət qədər istedadlı biridir.
U-21 millimizin də əsas qolkiperidir. Amma günü "Şamaxı-2" də keçir. Məhz, belə bərbad idarəetmə, yanlış qərarlar sayəsində.
XANOĞLAN İMANOV

