“Meydanın vəziyyəti bərbad deyil. Normaldır deyə bilərəm.
Sadəcə, bəzi yerlərdə ot yoxdur deyə, qazona əl gəzdirmək lazımdır”.
Vaxtilə Premyer Liqada AZAL-ın formasını geyinmiş futbolçu kimi dəfələrlə Lənkərana səfər etmiş Nuqzar Kvirtiya bu dəfə cənub bölgəsinə qonaq, yəni veteran qismində yollanmışdı.
Gürcüstanlı sabiq yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında uzun illərdən sonra qazonuna ayaq basdığı Lənkəran şəhər stadionunda gördükləri haqda danışıb:
“Meydana normal qulluq göstərilsə, əvvəlki vəziyyətinə qaytarmaq olar. Hər şey vaxta və pula bağlıdır.
Təbii, paltardəyişmə otaqları istifadəmizə verilmişdi, elə duş kabinaları da. Amma isti suyla bağlı problem var idi.
Stadionda isti su yox idi deyə, gedib oteldə yuyunmalı olduq. Məncə, bu problemi də həll etmək olar.
Əsas odur, stadion yerindədir, azarkeşlər komandanın yanındadır”.
Nuqzar Kvirtiya vaxtilə AZAL və “Turan”ın formasında Azərbaycan Premyer Liqasında 200-ə yaxın oyunun iştirakçısı olmaqla 18 qola imza atıb.
O, hazırda “Tik-Tok” platformasında məşhur sima hesab olunur.
HƏBİB

