Bu yaxınlarda AFFA-nın dəstəyi ilə Gəncədə yerləşən, hamının "Dyadya Kostyanın meydançası" kimi tanınan meydançanın yenidənqurması və təntənəli surətdə açılışı qeyd olundu.
Məhz həmin meydançada "Kəpəz" veteranlarına məşq keçmək üçün şərait yaradılacağına söz verildi.
İlk baxışdan hər şey gözəl - məşq meydançası var, məşq keçməyə mütəxəssis var, məşq üçün uşaqların yığımına da artıq bir neçə gündü start verilib.
Yox, heç də hər şey göründüyü və yazıldığı qədər gözəl və rahat deyilmiş. Belə ki, məşq meydançası üçün ən önəmli məsələ sayılan paltardəyişmə otağı hələ də hazır deyil.
Heç tikinti aparılmır, nə vaxt start veriləcəyi də dəqiq deyil. Məşqlərə övladını yazdırmağı düşünən valideynlər isə böyük həsrətlə problemin həllini gözləyir. Ki, uşaqları məşqlərə start versin.
Görəsən, belə vəziyyətin yaranmasına səbəb nədir? Meydança tikilibsə, bəs paltardəyişmə otağı niyə yoxdur?
Suallarımıza cavab olaraq Sportinfo.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla bunları dedi:
"AFFA Gəncədə süni örtüklü meydança inşa etdirib. Və həmin süni örtüklü meydançaların konkret layihəsi var.
Bu günə qədər həm Bakıda, həm də regionlarda AFFA çox sayda süni örtüklü meydança inşa etdirib. Həmin layihənin tərkibində paltardəyişmə otaqlarının inşası nəzərdə tutulmayıb.
Bu layihədə göstərilir ki, yerli icra hakimiyyətləri torpaq sahəsi ayırır, süni örtük qurlaşdırılacaq əraziyə asfalt örtüyü çəkilir, kənarları hasarlanır və bundan sonra süni örtük çəkilir, qapılar qoyulur, torlar asılır. Bu layihənin ümumilikdə özündə ehtiva elədiyi şeylər yalnız bunlardı".
XANOĞLAN

