Azərbaycan Premyer Liqasında həm klub sayının, həm də region klublarının artması yolunda AFFA işlərə start verib.
Artıq əməli işlər də görülməkdədir. Federasiya "Keşlə"ni bir gündə "Şamaxı" edib, bir neçə ayın içində adıçəkilən bölgəyə göndərdi. Hətta komanda çempionatın son turundakı ev matçını da bu bölgədə keçirdi.
İllərdi danışdığımız, irad bildirdiyimiz məsələnin reallaşması sözsüz ki, hamımızı sevindirir.
Amma başverənlərə o qədər dərindən fokslanmışıq ki, gözümüz federasiyanın nə qeyri-qanuni addımlarını, nə də qeyri-peşəkar davranışlarını görür.
Paytaxt klubunun necə region komandası olması hamımıza məlumdur. Detallara varmağa gərək yoxdur. Amma futbolumuz illərdi o qədər iyrənc idarəçilik görüb ki, biz qeyri-qanuni və qeyri-peşəkar addımlara belə süst qalıb, çəpik çalırıq.
Gedişatdan ilham alan futbola cavabdeh qurum indi də bütün idman prinsiplərini pozaraq öz kefi istəyən, şəxsi maraqlara söyənən qərarla Premyer Liqaya gələcək komandanları seçir.
Hər halda bunu biz yox, "Zaqatala"nın prezidenti Musa Qurbanov iddia edir.
SİTAT: "İdman prinsipləri əsas götürülsə, birincə elə “Qaradağ Lökbatan” gəlməlidir Premyer Liqaya. Onlar hamıdan bir baş üstün oynayır.
AFFA infrastrukturu əsas götürsə, üstünlüyü “Zaqatala”ya verməli idi. Divizionda cəmi 5 klub var, onların da şəraitini müqayisə etsək, “Zaqatala” heç kimdən geri qalmır".
Məntiqə söykənən, özündə həqiqəti ehtiva edən fikirlərdi. Hansı tərəfdən yanaşsaq ya "Qaradağ Lökbatan", ya da "Zaqatala" Premyer Liqada iştirak hüququ qazanmalıdır. Amma niyə qazanmır? AFFA-nın bunda marağı nədir? Mütləq ki, bir məram var, amma nə olduğunu demək çətindir.
Reallıq isə ondan ibarətdir ki, həm "Zaqatala"ya, həm də "Qaradağ Lökbatan"a haqqsızlıq edilir. Biz isə haqqsızlıq fonunda görülən "müsbət iş"ə "urreyy" deməklə məşğuluq. Bəs biz ədalətli inkişaf, düzgün idarətemə harayında deyildikmi?
XANOĞLAN İMANOV

