Şamaxı” – “Neftçi” görüşündə stadionda yer alanlar arasında Elxan Məmmədov da vardı.
Hələ oyunun başlamasından xeyli əvvəl arenaya təşrif buyuran AFFA-nın icraçı vitse-prezidenti ətrafdakı gözəlliyi seyr edir, stadiona axışan azarkeş kütləsindən zövq alır, matçboyu ya PFL prezidenti Ramin Musayevlə, ya da şefi Rövnəq Abdullayevlə danışırdı.
Qarşılaşma başa çatandan sonra AFFA prezidenti jurnalistlərin müsahibə vermək istəyini geri çevirdi. Əvəzində Elxan Məmmədov danışa biləcəyini bildirdi.
Elə müsahibəni verib təzəcə kənara çəkilmişdi ki, yaxınlıqdan keçən “Neftçi” azarkeşlərinin sərt reaksiyasına tuş gəldi.
Ramin Musayev jurnalistlərin suallarını cavablandıranda, orta yaşlı fanatın üzünü AFFA-dakı əsas söz sahibinə tutub, “Tezliklə yığmanın dirçəlişini eşidək, Elxan müəllim. Yığmanın uğurlarını eşidək tezliklə. Görün, neynirsiniz.Uşaq futbolu, çempionat... Biabırçılıqdır” deməsi hər kəs tərəfindən aydın eşidildi.
Hər nə qədər qəribə görünsə də, Məmmədov eşitdiyi haqlı iradı qulaq ardına vurmadı. Azarkeşə tərəf baxıb gülümsədi və “İnşallah, Allah qoysa” deyərək reaksiya verdi.
İcraçı vitse-prezident yəqin ki, bölgələrə növbəti səfərləri zamanı bu cür halla üzləşməməsi üçün özünə “daha uyğun” yer seçməli olacaq.
Videonu izləmək üçün bu linkə daxil olun:
HƏBİB / SPORTİNFO.AZ

