Premyer Liqadakı futbolçuların səhhəti niyə AFFA-ya maraqlı deyil?

31 Yanvar 2022 23:40 Problem 612
Premyer Liqadakı futbolçuların səhhəti niyə AFFA-ya maraqlı deyil?

"Səbail"in ev oyunlarını keçirdiyi "Bayıl arena"nın örtüyü uzun müddətdir bərbad durumdadır. Yaxın günlərdə düzəlməyəcəyi dəqiqdir. Ən yaxşı halda arena yayada "ağ günə" çıxa bilər.

Məlum vəziyyəti görən Bayıl təmsilçisi hətta qış təlim-məşq toplanışını belə AFFA-nın dəstəyi ilə Mərdəkandakı "Dalğa arena"da keçirməli oldu.

Elə toplanışın gedişində paytaxt klubu federasiyaya növbəti dəfə müraciət ünvanlamağı qərara aldı. Bu dəfə mövsümün ikinci yarısındakı ev oyunlarının Mərdəkanda keçirilməsi AFFA-dan xahiş olundu.

Artıq "Səbail"in istəyindən həftələr keçsə də federasiyadan müsbət cavab gəlməyib. Gedişat onu göstərir ki, komanda üçün hər nə qədər arzuolunmaz olsa da oyunları maya kimi "Bayıl arena"da keçirməyə məhkum olacaqlar. Ora isə hər an ciddi zədə almaq üçün böyük təhlükə mənbəyidir. Azmı belə hal yaşanıb? Tək "Səbail" yox, elə adıçəkilən arenaya qonaq gələn az futbolçumu burada ciddi zədə alıb?

Nə qədər qəribə olsa da, federasiya rəsmiləri bütün bunları görməzdən gəlir. Görünür, 8 klubda çıxış edən 200-dən artıq futbolçunun səhhəti də onlar üçün ciddi əhəməyiyyət daşımır.

Bəlkə də son anda müsbət cavab veriləcək. İstənilən halda bu qədər uzatmaq mənasızdır. Heç "Səbail"in müraciəti olmadan da gərək AFFA ordakı futbolçuların timsalında bütün Premyer Liqa klublarının üzvlərini sevindirəcək qərarı verərdi.

Onlar isə hələ fikirləşməklə məşğuldur.

Maraqlıdır, "Dalğa arena"nı AFFA-ya bu qədər əziz edən nədir?

Ora "Camp Nou"du, yoxsa "Alyans Arena"? Vallah heç adıçəkilən məşhur arenalar belə bu qədər "üfür-üfür"lə qorunmur...

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti