“Hafiz Məmmədovun saxlanılması ilə bağlı xəbərlə sosial şəbəkədə tanış oldum. Həqiqətən çox üzüldüm”.
Vaxtilə iş adamı Hafiz Məmmədovun rəhbərlik etdiyi “Bakı”nın şərəfini qorumuş, klub prezidenti ilə səmimi münasibətdə olmuş Fabio Luis Ramim Sportinfo.az-a açıqlamasında Məmmədovun başına gələnlər haqda danışıb.
Hazırda vətəni Braziliyada olan yığmamızın sabiq üzvü Hafiz bəylə bağlı xatirələrini bölüşüb:
“Hafiz Məmmədovun sahibi olduğu komandada oynadığım müddətdə ondan özümə və ailəmə qarşı yalnız xoş münasibət görmüşəm.
Möhtəşəm keyfiyyətləri, səmimiliyi, verdiyi sözün üstündə durması, hər birimizə öz doğması kimi yanaşması insanlığının göstəricisiydi.
Ağzından çıxan sözün ağası idi. Həmişə dediyini edib. İnsan kimi ondan heç vaxt narazılığım olmayıb.
Ümid edirəm ki, Allah ona və ailəsinə yardımçı olacaq. İşin içindən tamm xəbərdar deyiləm.
Çünki Azərbaycanın vergi qanunlarından xəbərsizəm. İstənilən halda Hafiz müəllimə azadlıq və sakit həyat arzulayıram”.
Fabio Luis Ramim “Bakı”nın şərəfini qoruduğu 2008-2012-ci illər aralığında “zolaqlılar”ın heyətində 163 oyunda 29 qola imza atıb.
O, paytaxt təmsilçisi ilə Azərbaycan çempionu olub, gümüş medal qazanıb, 2 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.
HƏBİB

