“Xəzər Lənkəran”da aldadıldı, 350 mindən əlini üzdü: “Eybi yox, həyatdır”

21 Yanvar 2022 20:40 Problem 2 374
“Xəzər Lənkəran”da aldadıldı, 350 mindən əlini üzdü: “Eybi yox, həyatdır”

“Xəzər Lənkəran”la məhkəmə açıq qalıb”.

Vaxtilə Lənkəran təmsilçisinin şərəfini qorumuş Adrian Skarlatake Sportinfo.az-a açıqlamasında tarixin yaddaşına qovuşmuş klubdan ala bilmədiyi pul haqda danışıb.

2011-2015-ci illər aralığında cənubluların formasını geyinən və 121 oyunda meydana çıxan rumıniyalı müdafiəçi “Xəzər Lənkəran”dan ala bilmədiyi pulla bağlı 2016-cı ildə FİFA-ya müraciət etmişdi.

Üstündən xeyli vaxt keçsə də, ali qurum məsələ ilə bağlı qərar qəbul etməyib.

Hazırda ölkənin yüksək dəstəsində mübarizə aparan “Mioveni”nin uğurları üçün tərk tökən 35 yaşlı futbolçu müqavilədə göstərilmiş puldan əlini üzsə də, möcuzəyə bel bağlayır:

“Heç bir yenilik yoxdur. İllərdir gözləyirəm, amma FİFA qərar qəbul etməyib. Əlbəttə, haqq etdiyin pulu almamaq çətindir.

Amma indiki halda edə biləcəyim bir şey yoxdur. Az da olsa şans var. Alınmasa belə, eybi yox. Həyatdır, hər şeyə hazır olmalıyıq”.

Söhbət “Xəzər Lənkəran”ın Skarlatakeyə borclu olduğu 1 illik əməkhaqqından, təxminən 350 min manatdan gedir.

Rumıniyalı ona çatası pulu almasına yardımçı olmaları üçün vaxtilə Azərbaycanda bir çox dövlət qurumlarına müraciət etmişdi. Onları isə şikayət ərizəsini AFFA-ya yönləndirmişdi.

Legioner bu məqsədlə AFFA-ya dəvət olunmuş və dinləniləndən sonra ondan bir müddət gözləməsi xahiş edilmişdi. Assosiasiyadan rumına bu yöndə köməklik göstəriləcəyi bildirilmişdi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti