Dünyanı cənginə alan “omicron”dan necə qorunaq?

17 Yanvar 2022 22:10 Problem 541
Dünyanı cənginə alan “omicron”dan necə qorunaq?

Yeni növ koronavirus (COVID-19) infeksiyası daim mutasiyaya məruz qalır və nəticədə yeni ştamlar yaranır.

Onların arasında insanlar üçün təhlükəli olanlara Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən ad verilir.

COVID-19-un son aylarda prioritetə çevrilən ştamı isə “omicron”dur.

“Omicron” ştamı qeydə alındıqdan sonra dünyada koronavirus infeksiyasına yoluxanların sayında artım müşahidə edilir. Mütəxəssislərin fikrincə, bu, həmin mutant variantın yüksək yoluxduruculuq xüsusiyyəti ilə əlaqəlidir. Hazırda dünyada 51 milyondan çox aktiv koronavirus xəstəsi var. Son yoluxmalarda “omicron” ştamı dominantlıq təşkil edir.

“Qafqazinfo”nun məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın endemik xarakter alması üçün peyvəndləmə prosesinin sürətləndirilməsini zəruri hesab edir. Pandemiyanın sonlanması üçün kollektiv immunitetin formalaşdırılması vacibdir. Ona görə də, qeyri-real görünsə də, 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70 faizi peyvənd olunmalıdır. Nəzərə almaq lazımdır ki, infeksiyanın yayılmasını şərtləndirən ən vacib məqam bir çox ölkələrdə vaksinasiya prosesinin zəifliyi, xüsusən də “buster” doza vurduranların sayının azlığıdır.

Yaxın həftələrdə dünyada “omicron” ştamı ilə əlaqədar olaraq növbəti dalğanın başlayacağı ehtimal edilir. ÜST-nin proqnozlarına əsasən, mart ayında Avropa əhalisinin yarısından çoxu “omicron” ştamına yoluxacaq.

Son günlər dünya ölkələrində müşahidə edilən yoluxma dinamikası da bunu sübut edir. Rusiyada əvvəlki həftələrlə müqayisədə koronavirusa yoluxma sayında 30 faiz artım müşahidə edilib. Paytaxt Moskvada isə yoluxma sayı ötən həftə iki dəfə artıb. Rusiya Prezidenti Vladimir Putinin ötən həftə əhaliyə xəbərdarlığı da diqqət çəkib. O qeyd edib ki, hökumətin yeni yoluxma dalğasına hazırlaşmaq üçün cəmi “bir neçə həftə vaxtı qalır”. Məlumata əsasən, Rusiyada hazırda dominant ştam “omicron”dur.

Fransada da koronavirusla bağlı vəziyyət gərgindır. Ölkə parlamenti “omicron” ştamına görə sanitar qaydaların sərtləşdirilməsini nəzərdə tutan qanun qəbul edib və yeni qaydalar yanvarın 20-dən qüvvəyə minir.

Yunanıstanda isə hökumətin 60 yaşdan yuxarı vaksin olunmamış vətəndaşlara tətbiq etdiyi aylıq cərimələr nəticəsində yüz minlərlə yunanıstanlı cərimə ödəməli olacaq.

Avstriyada da vaksinasiya ilə bağlı məcburiyyətdən boyun qaçıranlara cərimələr tətbiq ediləcək. Ölkə kansleri 18 yaşdan yuxarı bütün vətəndaşlar üçün vaksinasiyanın məcburi olacağını bildirib. Peyvənd vurdurmaqdan imtina edənləri isə 600 avrodan 3600 avroya qədər cərimə gözləyir.

Almaniyada restoran və barlara giriş şərtləri sərtləşdirilir. Vətəndaşlar həmin obyektlərə daxil olmaq üçün tam vaksinasiya və COVID-19 testinin neqativ nəticəsini təqdim etməlidirlər. Lakin bu tələblər “buster” doza vurduranlara şamil olunmayacaq.

İslandiyada “omicron” ştamının geniş yayılması ilə koronavirusun 5-ci dalğası başlayıb. Ona görə də fevralın 2-dən etibarən barlara giriş qadağan ediləcək və 10 nəfərdən çox şəxsin bir yerə toplaşmasına icazə verilməyəcək.

Azərbaycanda isə dünyanın bir çox ölkələri, o cümlədən Qərb dövlətləri ilə müqayisədə koronavirusla bağlı vəziyyət sabitdir. Ölkədə hazırda 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Aktiv daşıyıcılar olan xəstələr üçün isə ümumilikdə 10 min çarpayı ayrılıb. Müsbət haldır ki, hazırda həmin çarpayı ehtiyatının yalnız 10 faizi istifadədədir. Pandemiyanın başlamasından dərhal sonra Azərbaycanda görülən tədbirlər indi də səmərəliliyini göstərir. Nəticədə Azərbaycan koronavirus xəstəliyi səbəbindən həyatı itirənlərin az olduğu ölkələr sırasındadır.

Real vəziyyət göstərir ki, yoluxma sayı sürətlə artacağı halda belə, bunun öhdəsindən gəlmək üçün ölkədə bütün imkanlar mövcuddur. Hazırda xəstəxanalarda kifayət qədər çarpayı ehtiyatı var, reanimasiyalar ağır xəstələr üçün hər cür tibbi avadanlıqlarla təmin olunub. Aparılan hesablamalara əsasən, Azərbaycanda vaksinasiya prosesi də uğurla davam edir və 18 yaşdan yuxarı olan əhalinin təxminən 65 faizi peyvəndin hər iki dozasını alıb, eyni zamanda, “buster” dozanı vurduranların sayı 1,7 milyonu keçib.

Yaranmış vəziyyətdə Azərbaycan dünyanın bir çox ölkələrində olduğu kimi yenidən sərt qapanmalara ehtiyac görmür. İstənilən halda, peyvəndləmə prosesi yüksək fəallıqla davam etdirilməlidir. Nəzərə alınmalıdır ki, yoluxuculuq qabiliyyəti yüksək olan “omicron” ştamı Azərbaycanda da qeydə alınıb. Belə olan halda, vətəndaşların daha məsuliyyətli davranması zəruridir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!