"Mahir “Qarabağ”a qayıtsa, bu, onun üçün minusdur" - Atası açdı sandığı, tökdü pambığı

16 Yanvar 2022 13:40 Problem 2 062
"Mahir “Qarabağ”a qayıtsa, bu, onun üçün minusdur" - Atası açdı sandığı, tökdü pambığı

Sportinfo.az xəbər verir ki, Anar Mədətov ölkənin ən tanınmış produserlərindəndir.

Yəni xüsusi təqdimata ehtiyac yoxdur.

Anar bəy həmçinin ölkənin ən yaxşı futbolçularından sayılan Mahir Emrelinin atasıdı. Milli üzvünün başına gələnlər haqda valideyni ilə danışdıq.

“Qorxub qaçmaq lazım deyil”
- Yəqin ki, Mahir Emrelinin başına gələnlərdən xəbəriniz var. Onun yerinə olsaydız, nə edərdiz?
- Bu suala Anar Mədətov olaraq cavab verə bilərəm. Mən oğlumun yerində olsaydım, bir Mədətov kimi özümü sübut etməyə çalışardım. İndiyə kimi bütün layihələrimi necə həll etmişəmsə, bir sıra müğənniləri necə zirvəyə çatdırmışamsa, indi də elə olardı. Hansı ki, həmin işlərdə 99 faiz əleyhimə olub. Çünki hamı Anar Mədətovdan maraqlı nəsə gözləyir. İndi də Mahirdən çoxları xaricdə ölkəmizi layiqincə təmsil etməyi tələb edir. Rusların bir sözü var: “çətin vaxtlarda sınmaq lazım deyil”. 1941-45-ci illərdə Stalinin sözünə görə ölümə gedənlər var idi. İndi elə olmaq lazımdı. Qorxub qaçmaq lazım deyil.

- Yəni düşünürsüz ki, Mahir başına gələnlərdən sonra qorxub?
- Vallah, bilmirəm. Mən həmin fikri səsləndirmərəm. Fikrimcə, Mahir nədənsə qorxub, qaça bilməz. Sadəcə, onu kimsə yönəldir. Amma başa düşmür ki, bu, düz deyil. Lakin qorxub, qaçdığını demirəm. Heç istəmirəm də elə şey olsun. Sadəcə, deyirəm ki, Polşaya gedib, özünü sübut etməlidi. Mahir azərbaycanlıdı. Bizim millət hər vəziyyətdən çıxa bilər. Təmiz azərbaycanlısansa, damarlarında bizim xalqın qanı axırsa, özünü sübut etməlisən. Çünki biz elə millətik ki, dünyanın harasına getsək də, sübut edəcəyik ki, azərbaycanlıyıq.

- Belə başa düşdüm ki, bu məsələdə Mahiri günahkar hesab edirsiz. Vəkilinin açıqladığı kimi hadisənin qurma olduğunu düşünmürsüz?
- Gəlin, belə deyim. Siz qəzetdə işləyirsiz. Jurnalist olaraq fəaliyyət göstərirsiz. Sizdən camaat nə gözləyir? Yaxşı məqalə yazmağınızı, reportaj hazırlamağınızı. Məndən də prodüser olaraq yaxşı layihə həyata keçirməyimi tələb edirlər. Mahir də idmançıdı. Mənim oğlum futbolçudu, müğənni deyil. Aparıcılıq, müəllimlik etmir. Dünya futboluna indi-indi addım atır. Öz soyadını tanıtmağa çalışır. Azarkeşlər ondan gözəl oyun tələb edirlər. Dünyanın heç bir yerində kimsə Mahirə nəsə edə bilməz. Dərəbəylik deyil. Hər ölkənin öz qayda-qanunu var. Kiminsə özbaşılığına icazə vermirlər. Yenə deyirəm, insanlar ondan yaxşı oyun tələb edir. Mahirlə komanda yoldaşı olan, eyni vəziyyətlə üzləşən biri geri qayıdırsa, o da qayıdıb, özünü sübut etməli idi. Prosesi kənardan izləyən biri kimi deyirəm.

“Yemək proqramına gedir, lazımsız maqazin verilişlərində qonaq olur”
- Belə çıxır ki, oğlunuzla bu məsələ ilə bağlı nəsə danışmamısız...
- Mən əlaqə saxlamamışam. Yalandan niyə deyim? Həmişə biz öz böyüklərimizlə əlaqə saxlamışıq. Amma bilmirəm, onunla kim maraqlanır, nə edir? Mən nə istəyərəm? Mahir uğur qazansın. Yaxşı futbolçu olsun.

- Anar bəy, ailə daxilində olanları qoyaq kənara. Amma ata olaraq qəlbinizdə bir yanğı var ki, oğlumun başına niyə belə şeylər gəldi? Yəqin ki, Mahir üçün narahat olursuz?
- Bizim aramız yaxşı olanda mən Mahiri elə reklam etmirdim. Heç məsləhət də görmürdüm. İndi son vaxtlar görürsüz də nələr baş verir. Yemək proqramına gedir, lazımsız maqazin verilişlərində qonaq olur.

- Bu barədə ayrıca sual verəcəyik. Bilirsiz də, bu məsələyə görə Mahir 6 aylıq futboldan kənarda qala bilər. Bu, sizi narahat etmir?
- Bu sualı yönəldin kim bu işi görməyi Mahirə məsləhət görübsə, ona. Mən belə işə qol qoymazdım. Mən belə şey etməsinə qarşı çıxardım. “Legiya” adı-sanı olan klubdu. Tramplin kimi Mahir üçün yaxşı ola bilərdi. Unutmayaq ki, Varşava təmsilçisi ölkəsinin ən köklü klubudu. Mən düşünmürəm ki, Polşa təmsilçisinin zəif vəkilləri olsun. Onların uduzması qeyri-mümkündü. Mən özüm də şirkət sahibi olsam, hansısa işdə uduzmaq istəmərəm. Başıma belə hadisələr çox gəlib. Hərdən yazırlar ki, Anar Mədətov filan işi uduzdu. Amma demirlər ki, Anar Mədətov professor oğludu, ailəsi dövlətə nə qədər xidmət edib. Bu adamlar isə, ümumiyyətlə, heç kimdi. Kənddə də onları saymırlar. Yaxşı, indi ki, Anar Mədətov həyatınızda yoxdu. Niyə başınıza belə işlər gəlir? İndi çoxları çox şey yazır. Amma Anar Mədətov olaraq mən istəməzdim ki, Mahir “Legiya”nı məhkəməyə versin. Uzağı klubla danışardım ki, mənə şərait yaradın, çıxım, gedim. Hanı buna məsləhət verən şəxslər? Hanı Mahirin hocası? Niyə ona məsləhət vermirlər ki, ay bala, belə şey etmə. Yəqin düşünürlər ki, Mahir yenidən “Qarabağ”a qayıdıb, burda oynayacaq. Amma bu, onun üçün minusdu. Bunu mütləq şəkildə yazın. Qoy, hamı da bilsin. Mahiri yetişdirən “Vətən” olub. Daha sonra keçib “Bakı”ya. Paytaxt təmsilçisi ona böyük dəstək olub. Müşfiq Mədətov, Hafiz Məmmədov, Anar Mədətov, Mahirə Quliyeva futbolçu olmasında ona çox böyük dəstək olublar. Mahir “Lans”da, “Atletiko”da olub. Bir sözlə, məktəb olaraq futbolçunu “Bakı” yetişdirib. Tanıtdıran isə “Qarabağ” olub. Bunu qəbul etmək lazımdı. Dünyaya isə “Legiya” tanıtdırıb. Bu faktdı. Klubun nəticələri yaxşı, ya pisdi - bunun fərqi yoxdu. Hamı bilir ki, Mahir “Qarabağ”ın heyətində belə güclü oynamırdı. Nəsə var idi ki, futbolçuya stimul verirdi (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti