"Nəsə düşünmək lazımdır ki, bu cür vəziyyətlə üz-üzə qalmayaq"

25 Sentyabr 2021 00:56 Problem 596
"Nəsə düşünmək lazımdır ki, bu cür vəziyyətlə üz-üzə qalmayaq"

“Hazırda ot örtüyünün vəziyyəti idealdır. “Qarabağ” klubu oyunlarını burada keçirə bilər”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “qafqazinfo”ya açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyev deyib.

O bildirib ki, havaların soyuması ot örtüyünün düzəlməsinə səbəb olub: “Bilirik ki, bu problemlər daha çox iyul-avqust aylarında olur. Çünki həmin vaxt havalar çox isti keçir və bu da ot örtüyünün vəziyyətinin pisləşməsinə səbəb olur.

Sentyabrın əvvəlində havalar nisbətən soyudu, nəticədə meydançanın vəziyyəti düzəlməyə başladı.

“Qarabağ” oktaybrın 21-də Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda evdə “Kayrat”la oynayacaq. Həmin qarşılaşma məhz Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək”.

Ş.Quliyev meydançanın yaxşı hala salınması üçün heç bir əlavə tədbir görülmədiyini də açıqlayıb: “Burada hər hansı əlavə iş aparılmayıb. Elə əvvəlki qaydada gübrələr verilir, suvarma işləri aparılır.

Sadəcə xüsusi maşınlar var ki, otun köklərinin havalanması üçün istifadə edilir. Onlar ayda 1 deyil, 2 dəfə işləyir. Bəzi çox pis olan yerlərə sadəcə yeni toxum səpilib”.

Avrokuboklar zamanı ot örtüyünün vəziyyəti

Direktor drenaj sistemlərində problem olmadığını da sözlərinə əlavə edib: ““Qarabağ” klubunun prezidenti Tahir Gözəl açıqlamasında bildirmişdi ki, drenaj sistemlərində problem var. Amma ona yanlış məlumat vermişdilər. Ümumiyyətlə, stadionda olan sistemlər yenidənqurma işləri zamanı tamamilə dəyişilib və yaxşı səviyyəyə gətirilib. Hətta sizə deyim ki, stadionda istilik sistemi də mövcuddur. Yəni soyuqlar zamanı ehtiyac olarsa, otu şaxta vurmasın deyə həmin sistem işə salına bilər”.

Stadion rəhbəri “Kayrat”la qarşılaşmadan sonra yenə ot örtüyündə problemlər yarana biləcəyi ilə bağlı iddialara da cavab verib: “İnanmıram ki, hansısa problem olsun. Çünki ot örtüyünün pis vəziyyətə düşməsinin səbəbi istilərdir”.

Ş.Quliyev növbəti yay mövsümlərində eyni hallarla üzləşməmək üçün müzakirələr aparıldığını da deyib: “Təbii ki, biz düşünürük ki, növbəti mövsümlərdə bu cür hallar yaşanmasın. Havalar isinəndə hər dəfə eyni problem olur və biabırçı vəziyyət yaranır. Bu arena artıq “Qarabağ”ın idarəsindədir və hər şeyi onlar özləri edir. Mənim ümumiyyətlə, burada nəyəsə qarışmağa ixtiyarım yoxdur. Yeni nəsə düşünmək lazımdır ki, bu cür vəziyyətlə üz-üzə qalmayaq. Əvvəllər Fil Şarples meydançaya nəzarət edirdi. Bir dəfə ona dedim ki, suvarma işlərini başqa vaxt aparaq, bu vaxt düzgün deyil. Bildirdi ki, əgər bacarırsansa, verim stadionu siz özünüz baxın. Ona cavab verdim ki, mənə lazım deyil (gülür). İndi də bura nəzarət edənlər onun qoyduğu proqram üzrə nəzarət edir. Suvarma işlərini, gübrələrin verilməsini onun yazdığı cədvəllə tənzimləyirlər”.



Digər Xəbərlər
Xəbər Lenti