Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklər müzakirə olunur. İqtisadiyyat naziri Mikayıl Cabbarov dəyişikliklər paketini deputatlara və ictimaiyyətə təqdim edib. Lakin sahibkarlarda bəzi suallar qalır və onlara cavab axtarılır.
Məsələn, son 12 aylıq dövriyyənin 400 min manata qədər artırılması hüquqi şəxslərə xidmət göstərən mikro sahibkarlara da aiddirmi?
Yoxsa bu, yalnız əhali qrupuna xidmət göstərən sadələşdirilmiş vergi uçotunda olan mikro sahibkarlara aid olacaq?
Qeyd edək ki, hazırda birinci kateqoriya öz mənfəətindən 5 faiz vergi ödəyir (gəlir - xərc = mənfəət). İkinci kateqoriya isə mənfəətindən asılı olmayaraq, yalnız dövriyyəsindən 5 faiz vergi ödəyir.
İqtisadçı deputat Vüqar Bayramov “AzPolitika”nın sorğusuna cavab olaraq bildirib ki, fərdi sahibkarların gəlirləri üçün güzəştlər müəyyənləşdirilib.
“Bildiyiniz kimi, Vergi Məcəlləsinə dəyişikliklər zamanı onların güzəştli dövriyyəsi limitləşdirildi və güzəştlər tətbiq olundu, yəni gəlirdən 5 faiz vergi tətbiq olunacaq”, - o əlavə edib.
İqtisadçı bildirib ki, ikinci kateqoriya sadələşdirilmiş vergi ödəyən mikro sahibkarlardır. Burada həm fiziki, həm də hüquqi şəxslərə şamil olunur.
“Onlar üçün gələn ildən dövriyyə 200 min manatdan 400 min manata qədər artırılacaq. Yəni fərdi sahibkarlar üçün qaydalar və güzəşt qalır, hansı ki, 2025-ci ilin yanvarın əvvəlindən qüvvəyə minib. Mikro sahibkarlar üçün isə gələn ildən güzəşt limiti dairəsi genişlənir. Bu sahibkarlar gələn ildən daha genişləndirilmiş sadələşdirilmiş vergi sistemindən istifadə edə bilərlər”, - deputat vurğulayıb.

