Bakıda "Formula 1" və AVRO-2020 toqquşmayacaq

2 Mart 2021 18:00 Problem 725
Bakıda "Formula 1" və AVRO-2020 toqquşmayacaq

"Bakı Şəhər Halqası Əməliyyat Şirkətində (BŞH) Nigar Arpadarainin rəhbərlik etdiyi şöbə Marketinq və kommunikasiya adlanırdı.

Belə qərara alındı ki, marketinq şöbəsi satış və kommersiya şöbəsinin tərkib hissəsi olsun.

Bu proses bir-biri ilə əlaqəli olduğu üçün marketinq şöbəsi kommersiya şöbəsinin tərkibindədir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında BŞH-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilən Ayan Nəcəf-Ağayeva deyib.

O, BŞH-nın Kommersiya şöbəsinə Bülent Özerdimin rəhbərlik etdiyini xatırladıb: "Bizdə Media ilə iş, Kommunikasiya, Sosial məsuliyyət və bütün funksiyalar birbaşa icraçı direktor Arif Rəhimova tabedir.

Yarışın yeni Mətbuat katibi isə mən təyin edildim. Biz şöbə olaraq çalışırıq. Şöbədə daxili və xarici kommunikasiya, ictimaiyyətlə əlaqələr və media, yayım əməliyyatları var. Bu isə baş icraçı direktorun tərkibində olan ofisdir. BŞH-nin rəsmi olaraq iki xarici əməkdaşı var ki, bu rəqəm də dəyişməz olaraq qalıb".

Nəcəf-Ağayeva "BŞH-nın kommersiya baxımından hansı müqavilələr bağlayacağı gözlənilir" sualına belə cavab verib: "Bununla bağlı qarşıdakı həftələrdə kommersiya şöbəsinin səlahiyyətli nümayəndəsi məlumat verəcək. Adətən, yarışı keçirmək üçün bir il ərzində hazırlaşırıq. Məsələn, bu il yarış bitdisə, dərhal növbəti Qran-prinin hazırlığına başlayırıq. Buna görə də sponsorların adları, satış tarixləri, konsertlər və müğənnilərin adları əvvəlcədən məlum olur. Bu il isə son 3 ayda pandemiyaya görə tətbiq edilən karantin bir az yumşaldığından və açıq havada yarışların təşkilinə icavə verildiyindən, biz indi Qran-priyə daha ciddi hazırlaşmağa başlamışıq. Hazırkı məqamda bu məsələlərlə bağlı məlumatımız yoxdur. Azərbaycan Qran-prisinin titul sponsorsuz olacağını demək hələ tezdir. Bu barədə məlumatımız yoxdur".

Onun sözlərinə görə, "Formula 1" yarışı azarkeşsiz keçirildiyindən, tribunaların quraşdırılması nəzərdə tutulmur: "Hətta "Sky box" da nəzərdə tutulmayıb. Yarış meydanınının kənarında dəmir torlar və beton konstruksiya olacaq. Martın 28-dən şəhərdə "Formula 1" ab-havası hiss ediləcək".

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri podium mərasimində da bəzi məhdudiyyətlərin olacağını vurğulayıb: "Sadəcə, biz kuboku təqdim edəcəyik. Təqdimatdan sonra şampan partladılması və digər məsələləri "Formula 1" rəhbərliyi tənzimləyir. Həmin dövrdə durum necə olsa, ona uyğun hərəkət edəcəyik. Amma sırf bilirik ki, mətbuat konfransı on-layn formada olacaq. Pilotları qorumaq üçün sual-cavab sessiyası onlayn qaydada olacaq".

Bu il Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir. Nəcəf-Ağayeva iyunun 11-də start götürəcək futbol üzrə Avropa çempionatının "Formula 1"ə maneə törətməyəcəyini söyləyib: "AVRO-2020 üçün ilk komanda bizim yarış bitdikdən sonra - iyunun 7-də Bakıya gələcək. İlk oyun isə iyunun 12-də olacaq. Düşünürəm ki, yarışlarla bağlı toqquşma gözlənilmir. Bizim işçi qrup məsələ ilə yaxından maraqlanır".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"