Premyer Liqanın bu iki klubunun 500 min manatı yoxdur

16 May 2021 19:40 Premyerliqa 2 570
Premyer Liqanın bu iki klubunun 500 min manatı yoxdur

AFFA Lisenziya Komissiyasının mayın 8-də keçirilən iclasında 2021/22 mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət edən klubların sənədlərinə baxılıb.

Sportinfo.az xəbər verir ki, yekun qərara əsasən, birinci divizion təmsilçilərindən heç birinə elitada iştirak üçün lisenziya verilməyib.

Həmçinin “Qəbələ” və “Səbail” 2021/22 mövsümü üçün UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya ala bilməyib.

Lisenziyanın verilməməsinin səbəbini öyrənmək üçün iki kluba müraciət etdik. “Səbail”in icraçı direktoru Fərəc Əliyev bunun birbaşa klubla bağlı olduğunu dedi (Futbol+):

“Biz qərarın belə olacağını bilirdik. Çünki avrokuboklarda iştirak üçün lazım olan məktubu quruma təqdim etməmişdik.

Biz ümumilikdə lisenziya almaq üçün müraciət etdik, amma lisenziyalaşdırma ilə bağlı qanuna əsasən həm premyer-liqada, həm də avrokuboklarda iştirak etmək üçün iki ayrı sənəd – bank zəmanəti təqdim etməliydik.

Biz isə bu sənədin birini – çempionat üçün lazım olanı göndərdik. Avrokuboklar üçün lazım olan bank zəmanətini isə göndərə bilmədik. Bu lisenziya qərarı yalnız yayda başlayacaq avrokubok yarışları üçün nəzərdə tutulub”.

“Qəbələ”nin prezidenti Fariz Nəcəfovla danışa bilmədiyimizdən onun “report”a açıqlaması ilə kifyətlənirik: "Premyer-liqa və UEFA üçün bank təminatının sənədləri fərqlidi.

Təbii ki, UEFA lisenziyası üçün rəqəm daha yüksəkdir. Biz isə premyer-liqa üçün bank təminatı təqdim etdik. Komandamızın avrokubok şansı davam etsəydi, bank təminatı da buna uyğun olardı. Digər bütün meyarlarda sənədlərimiz tam qaydasındadı".

UEFA yarışları üçün bank təminatı 500 min manatdı. Belə çıxır ki, “Qəbələ” ilə “Səbail”in bu qədər pulu yoxdu. Hər şey bu dərəcədə bəsitdi...

Xəbər Lenti