"Mən böyük bir səhv edib, "Neftçi"də işləmişəm" - SƏMİMİ ETİRAF

21 Noyabr 2020 13:40 Neftçi 2 272
"Mən böyük bir səhv edib, "Neftçi"də işləmişəm" - SƏMİMİ ETİRAF

"Mən böyük bir səhv edib, bu klubda mətbuat katibi işləmişəm".

Sportinfo.az xəbər verir ki, bu etirafı "Neftçi"nin mətbuat xidmətinin sabiq rəhbəri Anar Şabanoğlu edib.

2017-2018-ci illərdə paytaxt klubunda çalışan və uğurlu fəaliyyəti ilə yadda qalan həmkarımız yanlış seçim etdiyini bildirib:

"Bundan sonra Azərbaycan futbolu və "Neftçi" haqda hansısa haqlı tənqid yazanda da vicdan əzabı keçirirəm. Üstəlik, futboldakı dostlarım inciyir.

Amma mən "Neftçi"dən əvvəl 18 il idman jurnalisti işləmişəm. Bu müddətdə də Azərbaycan futbolunun birinci şəxsi başda olmaqla, bu sahədə ölkəmizə zərər vuran hər kəsi haqlı tənqid etmişəm.

Hətta buna görə rəhmətlik AFFA prezidenti Fuad Musayev Moskvada keçirilən bir yarışda stadionda maşını yanımda saxladıb, yanına dəvət edib və gözləmədiyim halda uzun-uzadı söhbət edərək, özünə bəraət qazandırmağa çalışıb.

O zaman 19 yaşım vardı, indi üstünə bir 19 il də gəlib. Əlqərəz, mənim sevimli, doğma, hər zaman yeganə qəlbimdə olan klubum "Neftçi" 80 illik yubileyini keçirən Kazbek Tuayevi təbrik edib.

Baş məşqçi Samir Abbasovun Kazbek müəllimlə fotosu yayılıb. Bu, əla, gözəl, pakizə. Keçmişinə dəyər veran klubumuzun bu addımına yalnız alqış düşür.

Amma... Futbolda yeniyetmələr arasında cəmi 3 azərbaycanlı futbolçu dünya çempionu adını qazanıb. Daha yuxarı və ya aşağı yaşlarda aydın məsələdi ki bu zirvəyə çatan olmayıb.

Həmin dünya çempionlarından biri - Vladislav Qədirovun da bugünlərdə 50 illik yubileyi idi. "Neftçi"nin yetirməsi olan Qədirovla bağlı klubun təbrikini görən olmayıb.

Səbəb futbol ictimaiyyətinə məlumdur. Qədirov futbolçu karyerasını bitirəndən sonra başını aşağı salıb məşqçiliklə məşğuldur, boş vaxtını yaltaqlığa həsr etmir. Buna görə də diqqətdən kənarda qalması anlaşılandır.

Çünki futbolumuzda elə bir vəziyyət yaranıb ki, hətta 50 illik yubileyində belə, quru təbrikə layiq görülmək üçün dünya çempionu kimi tarixdə olmaq bəs etmir, mütləq kimlərəsə yarınmaq lazımdır.

Qeyd edim ki, Qədirovu AFFA da təbrik etməyib. Ola bilsin ki, millinin oyunları ilə bağlı iş çox imiş və qarşıdakı günlərdə yubilyar yada düşəcək.

Amma "Neftçi"nin addımı nə klubun adına, nə tarixinə, nə keçmişinə, ümumiyyətlə bu ada heç cür yaraşır.

Eybi yox, Qədirovu kim unutsa da, "Neftçi"nin azarkeşləri unutmur, futbolumuzu sevən hər kəsin adından Vladislav müəllimi bir daha təbrik edirəm!".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!