
“Neftçi” Azərbaycanın yeganə klubudur ki, onun rəhbərliyinə gələn istənilən şəxs üçün belə deyirlər: “ölüm vadisinə getdi”. Klubun büdcəsinin əsas təminatçısı SOCAR olduğu üçün burda idarəçi olmaq ən çətin işlərdən sayılır. Tarix göstərib ki, “Neftçi”də cəmləşən ən müxtəlif çeşiddən olan nəzərlərin qarşısında duruş gətirmək hər kəsə nəsib olmur.
Sadıq Sadıqovun uzunmüddətli hakimiyyətindən sonra Elnur Məmmədovun və ondan sonra Orxan Hüseynzadənin rəhbərliyi qısa və keşməkeşli oldu. Onlar klubu və klubətrafı prosesləri heç cür hansısa məcraya toplaya bilmədilər.
Artıq üçüncü ildir ki, “ağ-qaralar”ın prezidenti olan Kamran Quliyevin idarəçiliyi müddətində “Neftçi” nə cür dəyişdi?
Sadıqovun dönəmindən sonra ölkə futbolunda dominantlıq tamamilə “Qarabağ”a keçmişdi və bu azmış kimi, “Neftçi” sözügedən rəqabətdən qopub, çox uzaqlaşmışdı. Hətta böyükesablı məğlubiyyətlər artmaqda, ardıcıl məşqçi dəyişiklikləri, çoxlu yeni futbolçular və dəyişilməyən gərgin daxili vəziyyət dərinləşməkdə idi.
Quliyevin dövründə isə dəyişən əsas məsələ dominantla rəqabətin kandarına çatmaq olub. Artıq “Neftçi”də əvvəlkitək xaotik heyət dəyişikliləri, idarəçilikdə anlaşılmaz get-gəllər, nəticələrdəki fiaskolar yaşanmır. Bu müsbətlərin qarşısında isə hələ də həll olunmamış böyük bir məqam var – dominantlığın ələ alınması. Ki, bu da elə asan məsələ deyil. Söhbət ölkə daxilində və xaricində Azərbaycan futbolunun ən yaxşı nəticələrini qazanan “Qarabağ” kimi oturuşmuş rəqibdən gedir...
“Atlılar”ı taxtdan salmaq 2018/19 mövsümündə mümkünə yaxın idi, lakin son 4 tur göstərdi ki, hələ də ümumi təcrübədə çatışmazlıqlar var. Yeni dalğa üçün müəyyən islahatlar aparıldı – bu işin başında baş məşqçi dəyişikliyi durdu.
Artıq dominantlıqçün fərqli cəhdlərə əl atılır. Klub idarəçiliyindən getməli olanların içində idman direktoru Ceyhun Sultanovun adı çox hallansa da, Kamran Quliyev təzyiqlərə baxmayaraq, hələ “Sumqayıt”dan birgə addımladığı təcrübəli mütəxəssisin tərəfini buraxmadı. Komanda şəklində işin vacib mənəvi meyarlarından birinə - "sadiqliyə əməl edilsə, uğur olacaq" – prinsipinə əməl edildi. İslahat lazımdırsa, bunu birgə edəcəyik, daxili nizamı pozmaqla yox - fikrimcə, bu prinsip əsas götürüldü.
*** *** ***
“Neftçi”nin Sadıqovun dönəmindən sonra uğradığı dərin böhrandan çıxışı kimi, yüksəlişə nail olması da tələb edilir və bunu yaxın gələcək göstərəcək. Lakin bu irili-xırdalı detalların içində arabir qabaran bir məqam da var ki, müzakirəyə və münasibətə ehtiyacı var.
“Neftçi” haqda əvvəllər çox tənqid mövzuları olurdu. Lakin son vaxtlar əsas tənqid olunan detal liderliyi ələ ala bilməməsidir. Ancaq bunun yanına bir şəbədə də qoşulub – Riad Rəfiyev “Neftçi”nin prezidenti olsun... Bəli, məhz Riad Rəfiyev. Yəni islahat tələbindəki nonsens bu qədər qabarıqdır. Rəhbərlik uğursuzdursa, dəyişiklik edilsin - bu tip çağırışı anlamaq olar, ancaq məhz konkret ad çəkmək və xilas kimi o adı görmək artıq tənqid yox, tam başqa standartdır.
Ümumiyyətlə, bu nə deməkdir və mövzu kimi niyə arabir qabarır?
Fikir verirsinizsə, Rəfiyevin “Neftçi”nin prezidenti postuna gətirilməsinin labüdlüyü onun atası Rasim Rəfiyevin vaxtilə bu klubda rəhbər olması ilə əlaqələndirilir. Vəssalam. Başqa heç nə. Sanki rəhmətlik Rasim bəy “Neftçi”ni çalışdırıba, deməli, onun oğlu da çalışdırmalıdır. Və bu, klubun arzulanan uğurlara nail olmaqçün əsas variantdır.
Təbii ki, diletantlıqdan o yana keçməyən bu iddianın ortaya düşməsinə əsas səbəb “Neftçi”ni yenidən liderlikdə görmək niyyəti deyil, bu, sadəcə, hazırkı rəhbərliyə qarşı hansısa xırda ədavətdən doğan bir “arqumentə” bənzəyir.
Yuxarıda bir neçə dəfə Sadıq Sadıqov dönəminə toxunduq. Onun rəhbərliyi dövründən sonra “Neftçi”nin ictimaiyyətlə kommunikasiyası bərbad vəziyyətə düşmüşdü. Klubun tarixiliyi və imicinə uyğun gəlməyən bu halını xilas etmək lazım idi. İnsafən, son 2-3 ildə klubun bu sarıdan problemi görünmür, əksinə, xeyli inkişaf edib. Və hazırkı rəhbərliyin bütün nümayəndələri həm mediaya, həm ictimaiyyətə kifayət qədər açıqdır, həmçinin kommunikabellik peşəkar səviyyədə qurulub. Amma təbii ki, hələ də görülməli işlər var, zaman-zaman çatışmazlıqlar barədə qeydlər edilir. Və xoşagələn budur ki, klub bu istiqamətdə tənqid qeydlərinə açıqdır. Bəs bu proqres cəhdlərinin fonunda “Kamran Guliev out, Riad Rafiev in” motivli iddialar niyə səslənsin ki?
Rəfiyev özü də bu mözuya heç vaxt rəsmi açıqlama verməyib. Peşəkarlıqdan uzaq da olsa, şəxsi söhbətdən bir xatırlatma etməyin əsl məqamıdır: “Mən belə fikirlərə qətiyyən əhəmiyyət vermirəm, mənimlə yaxından-uzaqdan əlaqəsi yoxdur”. Bunu o vaxt demşidi ki, “Nə əcəb bu mövzulara heç vaxt reaksiya verməmisiniz, bəlkə gizli məqsədiniz elə “Neftçi” rəhbərliyinə keçməkdir və bu iddialar sizə xoş gəlir” sualıma cavabında bildirmişdi.
Beləliklə, bizə aydın olmalıdır ki, “Neftçi”nin inkişafı üçün lazım olan əsas detallar tam başqadır, Kamran Quliyevin gedib, niyəsə məhz Riad Rəfiyevin gəlməsi yox. Bu, klubdaxili və klubətrafı gərginliyin yenidən cücərməsini istəyən ibtidai dərrakənin məhsuludur. Ümumiyyətlə, bir klubun prezident dəyişikliyi onda labüdləşər ki, orada maliyyə böhranı olar və ya idarəçilikdə xaos yaşanar. Nəticələrə görə klub prezidentinin dəyişməsini ən vacib məsələ hesab edən təfəkkür sağlam deyil.
“Neftçi”nin islahatları davam etməlidir və vacib olan sabitliyi yaxalamağı bacarıbsa, bunu dominantlığa aparan inkişafa çevirməkçün yeni addımlar atılmalıdır. Tənqidi məqamları daim qabardırıqsa, müsbət yönləri də qeyd etməliyik. Uzunmüddətli xaos dövründən sonra çətinliklə əldə olunan sabitlik, insafən, bu rəhbərliyin uğuru sayılmalıdır. Ancaq bu, “Neftçi”dir və uğurun davamını gözləyənlər yeni islahatlar istəyir. Real addımların atılması üçün kifayət qədər təcrübə toplanıb. Bir sözlə, “Neftçi”nin müntəzəm uğurlarını görmək istəyənlərin bütün tələbləri haqlıdır, lakin əlbəttə ki, bu tələblərin içində “filankəs prezident olsun” qədər anlaşılmaz tələb yoxdur (futbolpress.az).
Elçin Cəlilov