"Neftçi" rəhbərliyi bir statusa görə dəyişdiriləcək? – "DONOS" GETDİ

28 Mart 2020 15:32 Neftçi 1 428
"Neftçi" rəhbərliyi bir statusa görə dəyişdiriləcək? –

«Neftçi»nin idman direktoru Ceyhun Sultanovun çətin günləri başlayıb.

Martın 22-də – Mübariz Mənsimovun ad günü sosial şəbəkə profilində «Xəzər Lənkəran»ın fotosunu paylaşması onun başına bəla olub.

Həmin gündən buyana paytaxt təmsilçisinin rəhbər şəxsinin əleyhinə kampaniya aparılır. Sportinfo.az bu barədə bir sıra yeni informasiyalar əldə edib.

Redaksiyamıza daxil olan məlumata görə, AFFA-nın maliyyələşdirdiyi bəzi klubların rəsmiləri Sultanovun küncə sıxışdırılması prosesinin tətikçisidir.

Onların gözü «Neftçi»dədir və hər vəchlə çalışırlar ki, yaranmış vəziyyətdən öz xeyirlərinə istifadə etsinlər.

Ceyhun bəyin Mənsimovun tərəfdarı olması barədə sosial şəbəkələrdə təbliğat aparılır. Bununla da kifayətlənməyib, SOCAR-a həqiqətəuyğun olmayan «donoslar» ötürülüb.

«Neftçi»də gözü olan çoxdur. Kamran Quliyevin klubun prezidenti postundan uzaqlaşdırılmasını görməyi arzulayanların sırasında daha kimlər yoxdur ki…

Maraqlı, eyni zamanda, gerçəklik budur ki, «Neftçi»də əl dəyişikliyinin olmasını istəyənlər və bu prosesi sürətləndirməyə çalışanlar Quliyevin də aid olduğu qrupun nümayəndələridir. Hansılar ki, gecə-gündüz AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun yanındadır.

Bügnükü gəlirləri bəzi klub rəsmilərinin gözünə az görünür. tamah onlara necə güc gəlibsə, hər nə yolla olur-olsun, Ceyhun Sultanovun hisslərindən sui-istifadə etməyi qarşılarına məqsəd qoyublar. Guya, «Neftçi»nin idman direktoru Mənsimovun olduğu klub fotosunu paylaşmaqla qəbahət iş görüb.

Neft şirkətinə ötürülən «donoslar»da iddia olunur ki, paytaxt təmsilçisinin ikinci şəxsi, əslində, çörəyini yediyi insanlara qarşı çıxır və onlara saymazyana münasibətini həmin fotonu profilində yerləşdirməklə hamıya nümayiş etdirir.

Halbuki sosial şəbəkə azad zonadır və bu, belə də qəbul olunmalıdır. Ceyhun Sultanov orada ürəyindən keçəni yaxa, istədiyi fotonu paylaşa bilər. Bu, ona «çp" tutulmamalıdır. O. vaxtilə «Xəzər Lənkəran»ın formasını geyinib və Mənsimovun sevimli futbolçularından sayılıb.

Ceyhun bəy keçmiş rəhbərinə sayğısını hazırda da bildirirsə, bu, onun dünənini unutmaması, dəyər vermək qabiliyyətinin olması deməkdir.

«Xəzər Lənkəran»ın formasını geyinmiş, bu klubdan afyda görmüş başqaları – funksionerlər, məşqçilər, futbolçuların hərəsi indi qaçıb bir «yuva»da gizlənibsə, əlbəttə, bu, Sultanovun günahı deyil və onu qınayanlara qətiyyən haqq vermir. Əksinə, «Neftçi»nin idman direktoruna təşəkkür edilməlidir ki, ürəyinin səsinə qulaq asıb, ağlındakı fikirləri bir fotoyla ictimailəşdirib.

Onun bunu Kamran Quliyevin diktəsiylə etməsi haqda deyilənlər yalandır, əsassızdır. «Neftçi»nin prezidentinin Mübariz Mənsimov və Hafiz Məmmədova simpatiya bəsləməsi sirr deyil, bunu gizlətməsinin də heç vaxt şahidi olmamamışıq.

Sadəcə, o, Ceyhun Sultanova niyə «Xəzər Lənkəran»ın fotosunu səhifəndə paylaş» desin ki? İstəsəydi, özü öz profilində başqa bir şəkil və ya status yerləşdirərdi. Axı hörmətli Kamran müəllimin praktikasında var bu.

O, 2 il öncə Tərlan Əhmədovun «Neftçi»dən getməsinə «hə» mənası verən «like» qoyan adamdır da. Bizdə olan bilgiyə görə, Ceyhun Sultanov onu hədəf alan şəxslərin kimliyindən artıq xəbərdardır. «Vatçap» statusunda «gör, nə tapırsan yazmağa» qeydi, heç şübhəsiz, həmin insanlara ünvanlanıb.

P.S. Bütün bunlar haqda idman direktorunun özündən eşitmək bizə xoş olardı. Çox təəssüf ki, dəyərli «Neftçi» rəsmisi çoxsaylı zənglərə rəğmən, telefona cavab vermədi.

P.P.S. Hələ də gec deyil. biz Mənsimovun da yer aldığı «Xəzər Lənkəran» fotosunu paylaşması, sonra isə ümumiyyətlə şəxsi səhifəsini bağlaması, həmçinin üzləşdiyi təzyiqlər barədə fikirlərini dinlməyə, ona tribuna verməyə hazırıq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti