Cabbarov "Neftçi"nin əsas problemlərini bir-bir dedi

24 Yanvar 2020 16:49 Neftçi 1 367
Cabbarov "Neftçi"nin əsas problemlərini bir-bir dedi

"Neftçi" sevdiyimiz-seçdiyimiz, böyük klubdur, Azərbaycanın bir brendidir, xalqın komandasıdır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında 19 saylı Nərimanov birinci seçki darəsindən deputatlığa müstəqil namizəd olan "Neftçi"nin keçmiş idman direktoru Güloğlan Cabbarov deyib.

Cabbarovun burada çalışdığı müddətdə paytaxt təmsilçisi 3 dəfə çempionluq əldə edib, 2 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb, Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixə keçib.

O, artıq 5 ildir "Neftçi"dən ayrılıb. Güloğlan bəy "Bu illər ərzində komandada nə dəyişib, kənardan "Neftçi"ni necə görürsüz" sualına belə cavab verib:

"Düzünü desəm, geridə qalan 5 ildə "Neftçi"də heç bir dəyişiklik, yenilik görmürəm. Komandada çox az işlər görülüb. Bizim dönəmlə müqayisədə, indi nəticələr ikiqat olmalı idi.

Bu gün "Neftçi"dən hamı çox şey gözləyir, təəssüflər olsun ki, komandanın çıxışları, nəticələri bizi yanıldır. İnanıram ki, "Neftçi" layiq olduğu yerə çatacaq.

Bu gün "Neftçi"də kim və ya nə çatışmır? Bugünkü "Neftçi"də əsas problem motivasiya, ruh yüksəkliyi, komandanı arxasında aparacaq liderin olmamasıdır. Və yəqin ki, güclü rəhbərlik lazımdır".

2014-dən bu yana "Neftçi"də 3 rəhbərlik dəyişib. O, güclü rəhbərlik deyəndə konkret hansı çatışmazlıqları nəzərdə tutur?

Cabbarovun fikrincə, problem seçilən kadrların uğursuz olmasındadır: "Bu, artıq göz önündədir, məncə, əlavə şərhə ehtiyacı yoxdur. Komandada görülməli işlər, çatışmayan məqamlar var.

"Neftçi" rəhbərliyi bunun üzərində çalışmalıdır. "Neftçi" elə bir komandadır ki, hər zaman Çempionlar Liqasında, ən azından Avropa Liqasında çıxış etməsini arzulayırıq. Heç olmasa, bu vəzifənin öhdəsindən gəlməlidirlər.

Çempionlar Liqası üçün çempion olmaq lazımdır. "Neftçi"nin son çempionluğu Sadıq Sadıqovla gedib. Bizim vaxtımızda rəhbərlik çox güclü idi. Komanda hər oyuna xüsusi motivasiya ilə çıxırdı.

Mən belə fikirləşirəm ki, klubun adi işçisindən prezidentinə qədər - hamı bir yumruq kimi birləşməlidir. Komanda komanda kimi birləşəndə, uğur da qazanmaq olar. Uduzanda ruhdan düşmürdük, dərhal növbəti oyuna köklənirdik.

Rəhmətlik Böyükağa Hacıyev deyirdi ki, biz çempionluğu deyib gülə-gülə qazandıq. Şükürlər olsun ki, biz - Sadıq müəllim, Tahir Süleymanov, Böyükağa müəllim və bütün kollektiv - orada olduğumuz müddətdə komandanı layiqincə təmsil etmişik, uğurlar qazanmışıq.

Təsadüfi deyil ki, bu gün "Neftçi" fanatlarının böyük əksəriyyəti həmin rəhbərliyin yenidən iş başında olmasını istəyir".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı