"Neftçi" hucum xəttini gücləndirməyə çalışır.
Klubun rəhbərliyi Yuri Vernidubun istəyi üzərinə səfərbər olub.
Baş məşqçinin xidmətinə maraq göstərdiyi forvard ispaniyalıdır. Müşahidə Şurasının sədrinin müşaviri Kamil Məmmədov onunla yerində danışıqlar aparmaq üçün sözügedən ölkəyə yollanıb.
Aldığımız məlumata görə, tərəflər arasında görüşmələrin ilkin mərhələsi yaxşı keçib. Hələlik adı gizli saxlanılan ön xətt oyunçusu karyerasını Azərbaycanda davam etdirməyə isti yanaşıb.
Transferin reallaşması onun müqavilə ilə məxsus olduğu klubdan asılıdır. «Ağ-qaralar» hazırda təzminatın məbləğini dəqiqləşdirir.
Kamil Məmmədov kifayət qədər təcrübəli idarəçidir. O, FİFA meneceri olaraq bu sahənin bilicilərindən biridir və xarici həmkarları arasında böyük nüfuz sahibidir.
Ukraynalı çalışdırıcı inanır ki, əgər Məmmədov bu işə qol qoyubsa, ispanlarla ortaq məxrəcə gəlmək mümkün olacaq.
Ötən mövsüm Premyer Liqada dördüncü yeri tutan paytaxt təmsilçisi bu yay 6 futbolçu ilə anlaşıb.
Rüfət Abbasov ("Şamaxı"), Qustavo Klisman (”Santa Klara”, Portuqaliya), Endryu Qravilyon ("Peksara" İtaliya), Lyubomir Tupta (AEL, Yunanıstan), Fredi Varqas ("Makkabi" Netanya) və Alen Şkribek (ZTE, Macarıstan) ilə müqavilə bağlanılıb.
SPORTİNFO.AZ
