“Misli” və Peşəkar Futbol Liqasının birgə keçirdiyi “Ayın qolu” layihəsində fevral ayının qolu çərçivəsində mükafat “Neftçi”nin futbolçusuna qismət oldu.
Leksemburqlu Alessio Kurçinin 18-ci turda “Araz-Naxçıvan”ın qapısına vurduğu top ötən ayın ən yaxşısı hesab olunub.
Azarkeşlər arasında keçirilən sorğuda Kurçi rəqiblərini qabaqlayıb ki, “İmişli”ylə qarşılaşmadan əvvəl Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov səbəbkarı mükafatlandırıb.
Sportinfo.az-a açıqlama verən lüksemburqlu forvard qalib adını qazanmasının özü üçün gözlənilməz olmadığını çəkinmədən söyləyib:
“Vurduğum qolun gözəlliyinə şübhə etmirdim. Ona görə də özümü rahat hiss edirdim. Həqiqətən baxımlı qol alınmışdı.
Bilirdim ki, futbolu dərindən bilən azarkeşlər həmin qolu ən yaxşı seçəcək. Dayanmaq yox, davamını gətirmək lazımdır”.
Alessio fevralın 1-də “Liv Bona Dea Arena”da “Araz-Naxçıvan”la “Neftçi” arasında keçirilən görüşün 84-cü dəqiqəsində cərimə meydançasının kənarından uzaq küncü dəqiq nişan almaqla komandasının 3-cü qoluna imza atmışdı.
HƏBİB

