Martın 20-də ölkəmizdə Novruz və Ramazan bayramları birlikdə qeyd olunurdu.
Həmin gün “Neftçi” doğma azarkeşlərinə bayram hədiyyəsi etmək üçün onları “Palms Sports Arena”ya yığmışdı.
Premyer Liqanın 25-ci turu çərçivəsində “İmişli” ilə qarşılaşmanın yekun nəticəsi böyük önəm daşıyırdı. “Ağ-qaralar” rəqibini meydana çıxmağa peşman edib qapısından 6 cavabsız top keçirdi.
“Neftçi” fanatlarının özləri də sonuncu dəfə 6 top fərqi ilə qazanılan qələbənin tarixini müəyyənləşdirməkdə çətinlik çəkirdi. Lakin hər bir halda stadionda özlərini tonqalın ətrafındaymış kimi hiss edirdilər.
Oyun başa çatandan sonra komanda üzvləri hamı bir nəfər kimi tribunanın önünə gəlib zəfəri tərəfdarları ilə qeyd etdi.
Bayrağı kapitan Emin Mahmudov əlinə götürmüşdü ki, “Forza Neftçi”nin üzvləri Emil Balayevi də sıranın önünə səslədi.
Həmin gün ikinci hissədə meydana çıxaraq cari mövsümdə debüt edən Balayev azarkeşlərə yaxınlaşıb digər bayrağı aldı və Eminlə Emil bayraqdar rolunu məharətlə ifa edib qələbənin ləzzətini birlikdə yaşadılar.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

