“Neftçi” bayram hədiyyəsi edəcək? - O gündən 4 ay keçir…

16:30 Neftçi 278
“Neftçi” bayram hədiyyəsi edəcək? - O gündən 4 ay keçir…

Azərbaycanda Ramazan və Novruz bayramlarının qeyd olunduğu gündə “Neftçi”nin futbolçuları azarkeşlərin önünə çıxacaq.

“Ağ-qaralar” Premyer Liqanın 25-ci turu çərçivəsində öz meydanında “İmişli”ni qəbul edəcək.

Həmin “İmişli” ki, “Neftçi”yə cari mövsümdə badalaq vuranlardan biridir. Komandalar arasında baş tutan öncəki iki çempionat qarşılaşmasında bölgə təmsilçisi sevinən tərəf olub.

İlk dövrəyə təsadüf edən və Şamaxıda gerçəkləşən dueldə qapılara qol vurulməmışdi. İkinci dövrədəki oyunda isə İmişlinin eyniadlı komandası Bakıda bakılıları məğlub etməyi bacarmışdı – 3:2.

Məhz bu qarşılaşmadan sonra Samir Abasov istefa ərizəsini klub rəhbərliyinə təqdim etmişdi. Deməli, bu görüş Yuri Vernidubla Jorj Kaşkilyanın baş məşqçi qismində ilk kimi yadda qalacaq.

“Neftçi” bu oyunu hər bir halda qələbə ilə başa vurmalıdır. Konfrans Liqasına vəsiqə qazanmaq istəyən komanda üçün başqa çıxış yolu yoxdur!

Avrokubok yolundakı əsas rəqiblər – “Zirə”ylə “Araz-Naxçıvan”ın Yevlax və Şamaxı səfərlərində 1:0 hesabı ilə qələbə qazanması “Neftçi”ni xal itirməməyə məcbur edir. Qalibiyyət əldə olunmasa, bu, “İmişli”nin “ağ-qaralar”ı böyük ölçüdə avrokuboklara vəsiqəsiz qoymasına səbəb olacaq.

Daha bir maraqlı məqam bölgə təmsilçisinin sonuncu qələbəsinə məhz “Neftçi”ylə oyunda sevinməsidir.

Noyabrın 23-də baş verən bu hadisənin üstündən təxminən 4 ay vaxt keçib. “İmişli” o gündən bu yana, başqa cür desək, 12-ci turdan indiyə qədər 12 matçdır ki, 3 xalın sevincini yaşamır.

Bu, “Karvan-Yevlax”dan sonra uzun müddətdir qalibiyyət üzü görməyən ikinci komanda deməkdir.

Qələbə “Neftçi”yə hava-su qədər vacibdir. Debütant üçünsə heç-heçənin özü belə, qələbə kimi qəbul olunacaq. Onsuz da Kaşkilya üçün prioritet uduzmamaqdır, qələbə isə arzudur.

“Ağ-qaralar” əldə edəcəyi mümkün qələbə ilə həm iddialıların sırasından qopmayacaq, həm də azarkeşlərin iki bayramını birdən təbrik edəcək.

Bu axşam “Palms Sports Arena”da baş tutacaq görüşün start fiti saat 19:15-də çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti