«Neftçi»də bir neçə futbolçu var ki, Yuri Vernidub onlara sınaq müddəti təyin edib.
Bura həm yerlilər, həm də legionerlər daxildir.
Baş məşqçi mövsümün final fiti səslənədək bu oyunçulara şans verəcək. Onlardan bir neçəsi Qəbələ səfərində meydana çıxdı, bəzisi isə ehtiyatda qaldı.
Diqqət yetirdizsə, Vernidub oyunsonrası mətbuat konfransında bir fraza işlətdi. Dedi ki, avrokuboklara vəsiqə qazanmasalar, bunu faciə hesab etməyəcəklər.
Bu, onunla klubun başbilənləri arasında yeni anlaşmadan xəbər verir. «Yuxarı»dan belə bir mesaj almasaydı, o, heç bir halda bu sözləri dilinə gətirməzdi.
100 faizlik söhbətdir - oturub danışıblar və razılaşıblar. Gələn mövsüm də «Neftçi»dədir.
Vernidub həmin açıqlamanı səsləndirməklə, topu bir növ futbolçulara ötürdü.
Dolayısı ilə çatdırdı ki, 2,5 ay vaxtınız var, kimlər relsə düşməsə, yay gəlməmiş əşyalarını toplamalı olacaq.
O, artıq 4 aya yaxındır Azərbaycandadır. Axır 1-2 günə kimi heç bir media orqanına söyləmirdi ki, bu heyət mənim deyil.
Ukrayna KİV-inə son müsahibəsində isə bu mövzuda bir neçə cümlə işlədib. Eyham vurub ki, köklü islahatlar aparmağa çox qalmayıb, indi sadəcə, gözləmə mövqeyinə çəklib.
ELNUR

