“Kəpəz”lə öz meydanımızdakı qarşılaşmada 2 xal itirdik. Hətta məğlubiyyətdən son saniyə qolu ilə qaçdıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin futbolçusu İsmayıl İbrahimli deyib.
Son iki turda qələbə üzünə həsrət qalan, 1 xal qazanmaqla özündən aşağı pillələrdəki rəqiblərinə özünə yaxınlaşmaq fürsəti verən “qartallar” bu dəfə Yevlaxda “imtahan verəcək”.
Rəqib son turlarda rəqiblərinə baş ağrısı yaratmaqla diqqət çəkən “Karvan-Yevlax”dır.
27 yaşlı yarımmüdafiəçi bölgədəki dueldə mümkün qələbənin vacibliyindən söz açıb:
“Elə dönəmdəyik ki, istənilən rəqib digərindən xal almağı bacarır. Çünki itiriləcək heç nə yoxdur.
Bütün komandalar hədəfə çatmaq üçün qələbə qazanmağa çalışır. “Karvan-Yevlax” elitadakı yerini qorumaq üçün xal və ya xallar qazanmaqda israrlıdır.
Üstəlik, özlərinə doğma olan stadionda, süni örtükdə oynayacaqlar. Yevlaxda daha inamlı görünürlər.
Bizim üçün çox çətin olacaq. Lakin əlimizdən gələni edəcəyik ki, 3 xal qazanmaqla avrokubok iddiamızı davam etdirək, yerimizi möhkəmləndirək”.
Fevralın 19-da Yevlax şəhər stadionunda keçiriləcək oyun saat 15:00-da başlayacaq.
HƏBİB

