“NEFTÇİ”dən: “Bundan sonra baxımlı futbol barədə düşünmək yersizdir”

19:40 Neftçi 134
“NEFTÇİ”dən: “Bundan sonra baxımlı futbol barədə düşünmək yersizdir”

Qəbələ səfərindən 3:1 hesablı qələbə ilə qayıdan “Neftçi”də avrokuboklara vəsiqə iştahası artıb.

Dördüncü pillədə yer alan “Zirə”nin “Qarabağ”a məğlub olması fonunda “ağ-qaralar”a xal fərqinin 5-ə enməsi “Neftçi”dəkiləri həvəsləndirib.

Növbəti rəqib isə kifayət qədər ciddi və təhlükəli “İmişli”dir.

Paytaxt təmsilçisi cari mövsümdə debütanla keçirdiyi iki oyunun heç birində qələbə qazana bilməyib. Birində qolsuz bərabərə qalıb, digərində 2:3 uduzub.

Odur ki, “Palms Sports Arena”da gerçəkləşəcək qarşılaşma maraqla gözlənilir.

Cəza səbəbindən oyunu kənardan izləyəcək Elvin Bədəlov matçla bağlı fikirlərini dilə gətirib:

“Neftçi”yə qarşı bütün komandalar ikiqat əzmlə oynayır. Bilirəm ki, “İmişli” də bizi büdrətməyə çalışacaq.

Öz meydanımızda ağır məğlubiyyət almışdıq. O məğlubiyyətin əvəzini çıxmaq lazımdır.

İnanıram ki, göstərəcəyimiz xarakterlə 3 xal qazanacağıq. “Qəbələ” ilə səfər matçında qazandığımız qələbə yerinə düşdü.

Xal fərqi elə də çox deyil. Qələbə seriyası yaxalamaqla ən pis halda 4-cü pilləyə qalxmaq olar.

Bundan sonra baxımlı futbol barədə düşünmək yersizdir. Məqsədimiz uğurlu nəticələr qazanmaqla yayda Azərbaycanı avrokuboklarda təmsil etməkdir”.

Martın 20-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “İmişli” dueli saat 19:15-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti