"Neftçi" məyus etdiyi oyunda ümid verdi

17:00 Neftçi 113
"Neftçi" məyus etdiyi oyunda ümid verdi

"Neftçi" ötən tur "Turan Tovuz"a məğlub olanda avrokuboklar yolunda ciddi zərbə aldığını demişdik. Hətta böyük ölüçdə şanslarını itirdiyini düşünənlər çoxlu təşkil edirdi.

Əsassız deyildi.

Ələ düşən əla fürsət qaçırılmışdı.

Amma cəmi bir həftə sonra yaranmış vəziyyət yenidən "ağ qaralar"a ümid verdi.

"Turan Tovuz" gözlənilmədən "Kəpəz"lə qarşılaşmada xal itirdi.

"Zirə" "Qarabağ" önündə xalsız qaldı.

Qəbələ səfərində 3 xala sevinən Yuri Vernidubun yetirmələri uzun aradan sonra 7-ci pilləni tərk edərək 6-cı sıraya yüksəldi.

Düzdü, göstərilən oyun məqbul sayıla bilməz. "Neftçi" autsayder önündə xüsusi nə iləsə seçilmədi.

Hətta bir neçə epizodda bəxtinin gətirdiyini də demək olar. Vurulan 3 qolun heç biri hansısa düşünülmüş hücum sonrası vurulmadı. Ciddi problemdir.

Vernidub ilk vaxtlar daha çox ümid verirdi, nəinki son iki turda. Tovuzlulara məğlubiyyətin gətirdiyi ümidsizlik düşərgədə ruh düşkünlüyü yarada bilər. Bu da təbii ki, meydana bir başa təsir edir.

Son oyun məyus etdi, qələbə ümid verdi desək doğru olar.

Hər bir halda məhz qazanılan son qələbədən sonra ehtiyatda bir oyunu qalan bakılılar 4-cü pillədən cəmi 5 xal geri qalır.

Son 9 turda bu fərqi aradan qaldırmaq ciddi problem olmamalıdır.

Lakin bunun üçün ukraynalı mütəxəssis birbaşa rəqiblərini məğlub etməyin yollarını tapmalıdır.

Düşünün, ötən oyunda "Turan"ı məğlub etmək "Neftçi"yə nələr verə bilərdi?

Bu gün üçüncü pillə ilə aradakı fərq 5 xalla ifadə olunurdu.

Qarşıdakı 9 turda "Neftçi"nin buna bənzər daha bir şansı olacaq.

O şans "Zirə", "Sabah" və "Qarabağ"la görüşlərdə əldə olunacaq qələbələrdən keçir.

Mövcud durum kollektivi buna məhkum edir.

Bir sözlə, avrokuboklar getmək hətta klubun öz əlindədir deyə bilərik.

Yetər ki, qələbələr sıraya düzülsün.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti