"Neftçi" sonda niyə üzüldü?

5 Avqust 2022 21:20 Neftçi 1 005
"Neftçi" sonda niyə üzüldü?

"Neftçi" Konfrans Liqasında növbəti qələbəni aktivinə yazdırdı.

Üçüncü mərhələnin "Rapid"lə ilk matçında komanda yaxşı qələbə qazanmağı bacardı - 2:1.

Bəli, son dəqiqədə buraxılan qol keflərə "soğan doğradı". Amma unutmayaq ki, ona kimi də hər şey qonaqlar üçün tərs gedirdi.

Matç gözlənildiyi kimi, "Rapid"in ərazi üstünlüyü ilə başladı.

Təxminən ilk 20-25 dəqiqəyə əsasən yəqin ki, əksəriyyətimiz Vyana təmsilçisinin buradan qələbə ilə qayıdacağını özlüyümüzdə dəqiqləşdirmiş olduq. Ki, məhz matçın bu bölümünə kimi artıq rəqib səviyyə fərqini ortaya qoya bilmişdi.

Bir neçə epizodda Brkiçin düzgün mövqe seçimi komandamızın dadına çatdısa, bir halda da dirək hesabda geri düşməyimizə mane oldu.

Amma bir andaca meydandakı mənzərə 180 dərəcə dəyişdi. "Neftçi" tam olaraq üstünlüyü əla aldı. Sürətli hücumlar, qapı istiqamətinə ardıcıl zərbələr bir-birini əvəzləməyə başladı.

Təbii ki, bunda rəqibin isti havada yorulması və arxayınçılıq da az rol oynamadı. İlk 20 dəqiqədən sonra sanki Avstriya təmsilçisi "rahat udarıq" havasına girmiş oldu.

Futbol isə belə şeyləri sevmir. Öncə fasilə ərəfəsində Ataa Caberin zərbəsi "Rapid" müdafiəçisinə dəyincə qapıçını yanıldıb qapıdan keçdi. Bu dəqiqələrə "Neftçi"yə xüsusi güc gəlibmiş kimi görünürdü.

Hər hücum təhkükə saçırdı. Gah qeyri-dəqiqlik, gah da qonaqların müdafiəçiləri kobudluqla hücumları məntiqi sonluğa çatdırmağa mane olurdu.

Hissələr arası fasilə belə "Rapid"in ayılmasına yardım etmədi. 20-25-ci dəqiqədən sonra yaranan arxayınçılıq 1-0 məğlub olanda da komandanı rahat buraxmırdı.

Əbəs deyil ki, qapıçı Hedl normalda kənara vurmalı olduğu topu məşqdəymiş kimi başla orta zonda olan (bura ötürmə vermək futbolda ən riskli qərar hesab olunur) komanda yoldaşına ötürüncə "ovunu" gözləyən Kenni Sayef bir andaca topu ələ keçirərək rəqib qapısından keçirdi - 2:0.

"Ağ qaralar" üçün bundan əla hesab? Ümumiyyətlə, "Aris"lə matçdan fərqli olaraq bu dəfə Regekampfın komandası daha yaxşı təsir bağışladı.

Mübarizə və fərdi ustalığın yanına komanda oyunu, aşılanan sistemin cücərtiləri, xətlər arasındakı əlaqədə inkişaf diqqət çəkməyə bilməzdi.

Bura rəqibin "yatması"nı da əlavə etsək hər şeyin iri hesablı qələbəyə getdiyini güman etmək olardı.

Amma ikici qol "Rapid"i əməlli-başlı yuxudan oyatdı. Ferdinand Feldhoferin yetirmələri anladılar ki, yox, "Neftçi" ilə boş davranmaq acı nəticələrə yol aça bilər.

Toparlanan qonaqların tələsik hücumları qapımız qarşısında təzyiq yaratmağa hesablanmışdı. Bacardılar da. Artıq "Neftçi" topu hara gəldi vururdu.

Bu dəqiqələrdə "Rapid"in sürəti artırması əslində komandanın ilk hissə yorulmadığını, sadəcə arxayınlaşdığını növbəti dəfə əyani göstərmiş oldu.

Sona yaxın Brkiçin qapısı önündə hücum dalğası daha da gücləndi. Bunda Regekampfın qaçmağa taqəti qalmayan Eddi İsrafilov, Kenni Sayefi və Yusif Laval kimi simaları əvəzləməsi də az rol oynamadı.

Meydana çıxanlar da hesabı qorumaq öhdəliyini yerinə yetirməyi bacarmadılar.

Qol vurmaq inadından əl çəkməyən qonaqlar isə arzularına son saniyələrdə çatdılar. Azər Salahlının da səhvi ilə yadda qalan epizodun davamında Quido dəqiq zərbə ilə topu qapıdan keçirincə yekun hesab da müəyyənləşmiş oldu - 2:1.

Son qol hər nə qədər üzücü olsa da, yekun qələbəyə sevinməmək insafdan olmaz. İndi qalır davamını Vyanada gətirmək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti