"Neftçi"nin ağ günə çıxmasını kimlər istəmir?

22 May 2022 13:00 Neftçi 2 290
"Neftçi"nin ağ günə çıxmasını kimlər istəmir?

«Neftçi» azarkeşi ayaqdadır, hər an klubdan veriləcək bu rəsmi açıqlamanı gözləyir:

«Müşahidə Şurası baş məşqçi Samir Abasovla müqavilənin müddətinin uzadılmamasını qərara alıb».

Bıçaq artıq sümüyə dirənib. Abasov hər nə qədər Premyer Liqa ikinciliyini yaxşı nəticə olaraq təqdim eləsə də, nə klub nümayəndələri, nə də «12-ci oyunçu» onunla eyni mövqeyi bölüşür.

Tərəfdar bir nəfər kimi baş məşqçinin dəyişdirilməsini istəyir. Tərəflər arasında «körpülər» mövsümün əvvəlindən bəri yanmağa başlayıb,

Qəbələ səfərində isə özünün kulminasiya nöqtəsinə çatıb. Ara elə pozulub ki, iki dünya bir olsa da, bərpası mümkün görünmür.

Barışıq və ya «müvəqqəti sülh» da inandırıcı deyil. Hər halda «Neftçi» fanatını yaxşı tanıyırıq - onlar daim yaxşı nəticə istəyir.

Tələbkar azarkeşi çempionluqdan, tituldan savayı heç nə qane etmir. Samir Abasov çox söz deyə, mövsümü uğurlu bitirdiklərini söyləyə bilər, bu, onun üçün keçərlidir, ağ-qara rənglərə könül verənlər isə tamam fərqli düşüncədədir.

2020-ci ilin noyabrında işə başlayan Samir Abasov özü-özünü təkləyib. Danışdıqları, atmacaları, «mənəm-mənəm»liyi onu meydanın ortasında yalqız buraxıb.

Bu aralar bir klub funksionerinin baş məşqçini dəstəkləyən hansısa açıqlamasına, qeydinə rast gəldizmi heç?

Son aylarda bunca qalmaqal, hadisə yaşanıb, biri bircə dəfə mətbuata çıxıb, Abasovun müdafiəsini təşkil edibmi, heç olmasa, bir kəlmə deyibmi?

Susmağın özü razılıq əlamətidir. Amma əlbəttə, bu, Abasovun lehinə işləyən perioddan xəbər vermir.

Onlar özlərini azarkeşin önünə atmazlar. Və atmayacaqlar. Sanki «Neftçi»nin dərinliklərində hansısa bir qüvvə var və bu qeyri-müəyyənliyin hələ bir müddət uzanmasını istəyirlər.

Maraqları nədir, niyə belə edirlər, bu da müəmmalıdır. Gördüyümüz, sezdiyimiz, başa düşdüyümüz odur ki, idarəçilər içdən və kənardan təzyiq altındadır.

Yekun qərarın açıqlanmasının yubanmasını başqa nə iləsə izah etmək çətindir. Çünki vaxt sürətlə uçur, zaman Konfrans Liqasında mübarizə aparacaq komandanın əleyhinə işləyir.

Samir Abasov getsə, bir problem, qalsa, min problem!

Gözəgörünməz əl Abasovu postunda saxlasa, bu, «məcburi nigah» kimi qısaömürlü olacaq. Futbolçu və azarkeşin qəlbini qıran biri indən belə burada özünü suda balıq kimi hiss edə bilməyəcək.

Üstəlik, tribuna əhli klubun gündəlik həyatında iştirak edən fiqurantlara münasibətdə daha sərt mövqe sərgiləyəcək, təzyiqi bir qədər də artıracaq, bu isə onlara qətiyyən lazım deyil.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı