"Neftçi"nin baş icraçı direktoru ilə açıq söhbət: "Bunu məndən tələb edirlər"

26 Yanvar 11:00 Müsahibə 7 333
"Neftçi"nin baş icraçı direktoru ilə açıq söhbət: "Bunu məndən tələb edirlər"

Rəsmi sənədlərdə “Neftçi”nin yeni baş icraçı direktoru, el arasında klubun prezidenti – Fərrux Mahmudov.

Futbol fəaliyyətinə çəkisi ağır olan “Neftçi”də başlayan 41 yaşlı funksioneri yaxından tanımaq üçün Antalya toplanışı əla fürsət idi.

Mətbuat katibi Emin Əfəndinin prezidentlə 6 nəfərdən ibarət jurnalist qrupunun görüşü üçün tərtib etdiyi plan yanvarın 12-si axşam saatlarında, komandanın məskunlaşdığı “Gloria Sports Arena”nın lobbisində nəzərdə tutulmuşdu.

Əvvəldən razılaşdırdığımız kimi, ağlımızdan dolaşan sualları Mahmudova ünvanlayacaq, o da öz növbəsində nala-mıxa vurmadan cavablandıracaqdı.

Təxminən 40 dəqiqəni əhatə edən səmimi söhbətin ümumi məzmununu təqdim edirik.

- Adrian Mutuya təzminat ödədiniz?

- O, qarşılıqlı razılaşma əsasında yola salındı.

- Mutunun anası rəhmətə getdi, sonra da “Neftçi”dən uzaqlaşdı. Bu, plan idi, ya necə?

- Anasının vəziyyəti çoxdan pis idi. Mutu kluba gələndən onun anası komadaydı. Tez-tez vətəninə gedib-gəlirdi. Gedib sonra qayıtmaması plan deyildi. Onun müqaviləsi masamın üstündə idi, uyğun zamanı gözləyirdik ki, bu haqda ona deyək. Sadəcə, anasının vəfatı ilə üst-üstə düşdü.

- Bəs, Mutu getmək istədiyini hiss etdirirdi? Ya da, bununla bağlı nəsə narazılığı var idi?

- Xeyr, sadəcə, onunla danışdıq və qərar verdik ki, belə olsa, hər iki tərəf üçün də yaxşı olar.

- Mutunun “vikipediya”sına baxanda, xüsusi məşqçi bacarığının olmadığı görünürdü ki, yayda bu barədə yazırdıq. Onun komandaya gətirilməsi tələsik qərar deyildi?

- Mənə həmişə bu sualı verirlər, amma demək istəyirəm ki, Mutu gələndə mən burada deyildim.

- Yeni təyinat ərəfəsində Miodraq Bojoviçdən başqa hansı namizəd var idi?

- Bunu deyə bilmərəm, amma onu bildirim ki, adlar arasında yerli məşqçi yox idi.

- Son illər “Neftçi” yerli məşqçi tərəfə baxmır. Səbəbi nədir?

- Son illər barədə nəsə deyə bilmərəm,. 2023-cü ilin iyulundan bu yana olanlardan danışaq.

- Legioner limitini də nəzərə alsaq, “Neftçi” Ramil Şeydayevlə Mahir Emreliyə maraq göstərib?

- Bizdə yerli futbolçu sayı ilə bağlı problem yoxdur. Mahirlə Ramili sırf futbolçu kimi izləyə bilərdik. Yəni onların Azərbaycan pasportuna sahib olması bizim üçün prioritet deyil.

- “Neftçi” bu futbolçulara maraq göstərib?

- Ramil Şeydayevə maraq olub, Mahirə isə yox.

- Ramil nə cavab verdi?

- 50-dən çox futbolçuya baxılıb, Ramil də onların arasında idi.

- “Neftçi”nin qızıl dövrlərinə, uğurlarına baxsaq görərik ki, tarixdəki uğurlar yerli məşqçilərlə bağlıdır.

- Bunu bir qədər əvvəl də söylədim, son təyinatdan əvvəl də namizədlər arasında yerli çalışdırıcı yox idi.

- Cari mövsümdə əsas məqsəd nədir?

- Çempionatda uğurlu çıxış edərək avrokuboklara vəsiqə qazanmaq.

- Çeynənmiş mövzu olsa da, yenə bu sualı verəcəyəm. “Neftçi”nin baza məsələsi nə yerdədir? Keçmiş rəhbərlik deyirdi ki, fasad hissədə hər şey hazırdır, bazanın daxili üçün bir neçə milyon pul lazımdır.

- Çox təəssüf ki, indi də eyni vəziyyətdir və söhbət “yuxarı”ya gedib. Məsələ tezliklə həll olunmaldır. Ya bir il çempionatı kənara qoyub bazaya yönəlməliyik, ya da əlavə büdcə ayrılmalıdır. Bu məsələdə qızıl ortanı tapmaq lazımdır.

- Baza demişkən, akademiya ilə bağlı ciddi dəyişikliklər gözlənilir?

- Gözlənilir. Ola bilsin ki, heyətdə də dəyişiklik olacaq. Akademiyaya daha doğru yanaşmanın olmasını istəyirik. Baza tikilsin, akademiya inkişaf etsin. Çünki “Neftçi” elə klubdur ki, orada öz yetirmələri oynamalıdır. Məqsəd odur ki, bir neçə ildən sonra “Neftçi”də Əhmədov, Məmmədov oynasın.

- “Neftçi”nin öz yetirmələri bu gün sanki yalnız say düzəltmək üçün oynayırlar...

- “Neftçi”də İsmayıl, Fərid, Ömər, Rza Cəfərov kimi futbolçular say düzəltmək üçün yox, potensiallarına görə oynayırlar.

- Mutu yarım il işlədi getdi. Ola bilərmi ki, Bojoviç də yarım il işləyib getsin?

- Bojoviçin qarşısına məqsəd qoyulub ki, ən pis halda ikinci yer və kubok əldə olunsun. Məqsədə çatsa, təbii ki, gələn il də qalacaq. Bir məqamı da diqqətinə çatdırdıq ki, hədəfə çatılsa, lakin oyun tərzi xoşumuza gəlməsə və ya komanda daxilində xoşagəlməz hallar yaşansa, biz onunla sağollaşa bilərik. Amma iki məqsəddən biri – gümüş medallar və ya ölkə kuboku olmasa, oyun tərzini bəyənsək, inkişaf görsək, təbii ki, növbəti mövsüm də bizimlə olacaq.

- Bəs, inkişafı, oyun tərzini necə müəyyənləşdirəcəksiniz?

- İdman direktoru ilə müzakirələrdən.

- Elə başa düşdüm ki, Mutu nəticələrə görə yox, oyun planına görə göndərilib.

- İstədiyimiz yerdə qərarlaşmasaq da, nəticə baxımından kritik deyildik. İkinci pillədən cəmi 1 xal geridəydik. Oyun tərzinə gəldikdə, özünüz də görürdünüz ki, qorxaq futbol oynadırdı. Çox təəssüf ki, “Neftçi” öz adına yaraşan oyun sərgilənmirdi.

- Amma özünüz görürsünüz ki, “Neftçi”də oyundan daha çox yeni rəhbərlik tənqid olunur.

- “Neftçi” həmişə tənqid olunub.

– Bəs, futbolçulardan rəhbərliyə Mutu ilə bağlı narazılıq edən var idi?

- Həmişə vəzifəcə aşağı olan insanlar öz müdirindən narazı olurlar. Əgər hamı razı olsa, çox gözəl günlər yaşayarıq.

- Siz necə, öz şefinizdən razısınız?

- Təbii ki, razıyam.

- Maraqlıdır, sizin qarşınıza hansı şərtləri qoyublar?

- Burada iki məsələ var. Biri idman tərəfi, digəri isə qeyri-idman tərəfidir. Media, marketinq, maliyyə, administrativ departamentlər var. Futbolçuların gəlib-getməyi, kim necədir, haradan gəlir... Mənim də işim budur ki, vəsait səmərəli istifadə olunsun. Bu, idarəetmədir. Məndən tələb olunan budur. İdman tərəfinə isə futbol departamenti nəzarət edir. Onlardan da başqa şeylər tələb olunur.

- Məsələn, Yens Andersonun qarşısına qoyulan tələb nədir?

- O, idman departamentinin rəhbəridir. Onun imzasıyla oyunçular Bakıya gətiriləcək. Komandaya kim gəlirsə, sənəddə birinci Anderssonun imzası olmalıdır. Onun ikinci vəzifəsi akademiyanı canlandırmaqdır. Yeni sistemi o verəcək.

- Bəs Kamil Məmmədovla Zaur Əzizovun vəzifəsi, öhdəliyi nədir?

- Onlar da Yenslə birlikdə çalışırlar. Oyunçu axtarırlar, təqdim edirlər, müzakirə edirlər. Onlardan başqa, Cahid Əsgərov və İqor Getman da var. Seleksiya qrupu ilə birlikdə matçlara baxıb, futbolçuları gözdən keçirirlər, sonda Yensə təqdim edirlər.

- Sənan Qurbanov da hazırda “Neftçi”də çalışır. O, uzun illər “Qəbələ”də işləyib, Roman Qriqorçukun köməkçisi olub, daha sonra onun yerinə keçib və ölkə kubokunu qazanıb. “Neftçi” nə vaxtsa belə bir təcrübəyə keçə bilər?

- Onu zaman göstərəcək. Əsas məsələ indi çempionatda yaxşı oynamaqdır.

- “Neftçi” ilə böyük uğurlar qazanmış Sadıq Sadıqovla görüşdüyünüzdən xəbərdarıq. Onunla məsləhətləşib, faydalı ola biləcək məsləhət aırsınız?

- Biz Sadıq müəllimlə tez-tez görüşürük. Tək “Neftçi”yə görə yox, ümumiyyətlə, bizim əla münasibətimiz var. Amma “Neftçi” haqqında da çox danışırıq. O zamanlar bir az başqa idi. Məsələn, indi çox adam yazır ki, bu futbolçunu qovun. Amma FİFA-nın müqavilələrini görsəniz, deyərsiniz ki, Fərrux, buna necə qol çəkirsən? Çünki əsas üstünlük futbolçunun tərəfindədir.

- Yenilənmiş “Neftçi”ni nə vaxt görəcəyik?

- Biz artıq indidən yayda hansı futbolçularla güclənəcəyimizi düşünürük. İki hücümçunu ona görə gətiririk ki, onlar bizə indidən lazımdır. Yayda kimlər gedəcək, kimlər qalacaq - bunu da indidən təhlil etməyə başlamışıq.

- “Neftçi”nin hazırkı büdcəsi son 10-12 ilin ən yüksək büdcəsidir?

- Eşitdiyimə görə, bəli, ən yüksək büdcə klubda bu il olub. Amma ötən illərin büdcələrini mən görməmişəm.

- Bu, klub üçün daha çox təzyiq yaradır?

- Mən kluba gələndə artıq hər şey təsdiq olunmuşdu və mən artıq fakt qarşısındaydım ki, transfer budur, məşqçi budur. Artıq qış fasiləsindən mən və Yens cavabdehlik daşıyırıq.

- Son oyunlardan sonra azarkeşlər etiraz əlaməti olaraq sizin yox, məhz Kamil Məmmədovun adını çəkirdi. Bu, sizə təəccüblü gəlmirdi?

- Mənə də təəccüblü gəlirdi. Çünki düşünürdüm ki, mənasız xal itkilərindən sonra adımın çəkilməyinin vaxtı idi. Amma mənim adım səslənmədi.

- Azarkeşlərlə görüşüb onları dinləyirsinizmi?

- Onlarla mütamadi olaraq görüşürük.

- Bəlkə, Kamilin adının çəkilib, sizin adınızın çəkilməməsi sizin əvvəldən “Neftçi” azarkeşi olmağınızla bağlıdır?

- Bunu, məncə, onlardan soruşmaq lazımdır. Bəlkə, onlarla səmimi, rahat söhbətim xoşlarına gəlib, amma bunun səbəbini həqiqətən bilmirəm.

- Vaxtilə hansısa azarkeş qrupunun tərkibində olmusunuz?

- Oyunlara tribunadan baxmışam, amma heç bir qrupun üzvü olmamışam.

- Basketboldan gəlmisiniz. Futbolla fərq çoxdur?

- Təbii ki. Biri ayaqla oynanılır, digəri isə əllə (gülür). “Neftçi” çox fərqlidir. Çünki bu kluba azarkeşlər, jurnalistlər tərəfindən çox təzyiq var. Amma basketbolda, ümumiyyətlə, bu qədər təzyiq olmayıb. Bilmirəm, izləyirsiniz, ya yox, amma keçən il liqanın səviyyəsini çox qaldırmışdıq.

- Ümumiyyətlə, “Neftçi”də kimsə rəhbərliyə gələndə belə fikirlər ortaya çıxır ki, bu, kiminsə adamıdır. Siz kimin adamısınız?

- Məni basketboldan tanıyırlar, bilirlər ki, mən kiməm, necə işləyirəm, iş prinsiplərim necədir. Mən sırf idarəçiyəm, ilk gündən demişəm ki, idman tərəfi mənlik deyil, elə də anlayışım yoxdur. Amma hər gün idman direktoru ilə danışdığımızdan deyə bilərəm ki, gələn ildən dəyişə də bilər.

Həbib Aslanov

Digər Xəbərlər
Xəbər Lenti