
Qəbələyə səfər etmişkən “Qəbələ”nin məşqinə baxmamaq mümkün olmazdı.
İyulun 17-də saatyarımlıq hazırlıq mərhələsini izləyəndən sonra komandanın baş məşqçisi Kaxaber Tsxadadzeyə ünvanlanacaq müəyyən suallar yaranmışdı.
Gürcüstanlı çalışdırıcı söhbəti sabaha saxlamağı xahiş edincə, razılaşdım.
Otelin foyesində baş tutan müsahibədə suallar əsasən “Qəbələ” ilə bağlı olmalıydı. Lakin fürsət düşmüşkən bir az konteksdən kənara çıxdıq.
(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/225940.html)
- Nə mənada?
- “Mançester Siti”də oynayanda matçı udmağımızın, yaxud uduzmağımızın fərqi yox idi. Azarkeşlər futbolçuları tribunaların qarşısına çağırıb şərqilər səsləndirirdilər. Onlara ləzzət edən oyunun baş tutması, “Mançester Siti”nin meydana çıxmasıydı. Futbola təkcə nəticə gözündə baxmırlar. Onlar mahnılar oxumaqla bizi sakitləşdirir, məğlubiyyəti unutmağımıza kömək edirdilər.
- Qəbələ heç vaxt futbol şəhəri olmayıb. Səbəb bu ola bilər? Yadıma gəlir, hətta komanda Avropa Liqasında mübarizə apardığı dönəmdə belə, çempionat görüşlərində stadion tam dolmurdu.
- Bunun üzərində işləmək lazımdır.
- Klubdakılar?
- Hamı, hamı, hamı. İlk növbədə şəhər rəhbərliyi bunun üzərində iş aparmalıdır, özləri stadiona gəlməlidir. Biz postsovet ölkələrinin nümayəndələriyik. Şəhərin, yaxud ölkənin vacib adamı stadiona təşrif buyuranda, hamı gəlir. Komandanı ilk növbədə təmsil etdiyi şəhərin insanları sevməli, dəstəkləməlidir.
- Premyer Liqa üçün darıxmısınız? Qurban Qurbanov, Kurban Berdıyev kimi həmkarlarınıza qarşı meydana komanda çıxarmaq üçün alışıb-yanırsınız yəqin.
- (gülür) İnsan özünü hər yerdə sübut etməlidir. Ötən mövsüm I Liqada üzərimə Premyer Liqadakından da böyük məsuliyyət düşürdü. Bizə qarşı oynayan komandaların motivasiyasını görsəydiniz... Digər rəqiblərlə oyunlarını analiz edirdik, bir də bizə qarşı necə mübarizə apardıqlarını. Arada 100 yox e, 1000 faizlik fərq yaranırdı. Bu faktın özü bizə həzz və güc verirdi. Çünki belə hallardan təcrübə qazanırdıq. Gizlətmirəm, I Liqa mənə bilmədiklərimi öyrətdi.
- Bir nöqtəyə baxıb, “İnter”dəki günlərinizi xatırlayaraq kövrəldiyiniz vaxtlar olur, yaxud olub?
- Xeyr-xeyr, qətiyyən! Keçmişlə yaşamağı doğru hesab etmirəm. Hər bir insan sabahı düşünməlidir, gələcəyin planlarını qurmalıdır. Dünənlə yaayan adam mütləq bir gün batacaq.
- Məşqdə bir şey diqqətimi çəkdi. Əsasən ingiliscə danışsanız da, zaman-zaman Azərbaycan və rus sözlərinə müraciət edirdiniz. Yerli gənclər ingilis dilində başa düşmür?
- Tapşırıqları hansı dildə verməyimdən asılı olmayaraq, tərcüməçimiz sözləri azərbaycancaya çevirir. Digər tərəfdən, yerli uşaqların ingilis dilini öyrənməsi məni sevindirir. Futbolçusansa, beynəlxalq dili bilmək şərtdir. Bu barədə danışığımız olub. İngilis dilini öyrənmələri üçün kurslar təşkil olunmalıdır. Ötən mövsüm alınmadı. Mövzunu yenidən qaldıracağam. Bəlkə də dil öyrənmək kimlərəsə maraqlı deyil.
- Niyə?
- Çünki legioner həyatı yaşamaq barədə düşünmürlər. Fikirləşir ki, evimdə oturmuşam, xarici dil nəyimə lazımdır? Dil öyrənmək, Avropada tək yaşamaq, çətinliklərə sinə gərmək, daha çox məşq edərək digərlərindən üstün olduğunu göstərmək – bunları istəməyənlər var. İnanın mənə, var.
- İllər keçib, yaşa dolmusunuz, saçlarınız ağappaq olub. Ancaq çalğınlığınız, məşqlərdəki tələbkarlığınız zərrə qədər dəyişməyib.
- Əvvəl bundan da çılğın idim axı. Hamıyla dalaşırdım, sözüm çəp gəlirdi. Bir gün hakimlə, o biri gün hansısa həmkarımla. Hətta bir-iki dəfə səninlə də münaqişəm olmuşdu (gülür). Artıq 40 yox, 57 yaşım var. Sakitləşmişəm, səbrli olmuşam. Məşqlərdəki çılğınlığım işə bağlı olan məsələdir.
- Badri Kvaratsxeliyanın oğlu Xviça, Kaxaber Tsxadadzenin oğlu Baçana... (sualımı kəsir)
- Xviça təkcə Badrinin deyil. Xviça hamınızındır, Xviça Gürcüstanındır. Bu dəqiqə Gürcüstanın Avropadakı vizit vərəqəsidir və tam başqa səviyyədir. Adam dünyanın ən yaxşı futbolçusu ola bilər. Şəxsən buna çox inanıram. Əvvəl Badrinin oğlu kimi tanınırdısa, indi Gürcüstanın övladıdır.
- Xviçanı Baçanaya göstərib, “bax, sən də belə ola bilərdin” dediyiniz olub?
- Baço pis oynamadı. Fikrimcə, karyerası pis alınmadı. Səhv etmirəmsə, “İnter”in tarixində bu günə qədər ən çox qol vurmuş futbolçudur. Üzərində daha çox işləsəydi, daha çoxuna nail ola bilərdi. Özüm də eyni şeyi yaşamışdım. Gürcüstandan Rusiyaya getdim, ordan “Ayntraxt”a. Sonradan başa düşdüm ki, Almaniyada əvvəlki qədər işləmirdim, tər tökmürdüm. Ancaq Kaxa Kaladze fərqi tale yaşadı. “Dinamo Kiyev”də oynayanda hər şeyi var idi. Lakin dayanmaq bilmirdi, çalışırdı, əziyyət çəkirdi. Nəticəsi nə oldu? “Milan”a getdi və unudulmaz simalardan birinə çevrildi. Özü də indiki “Milan”da yox, əfsanələrin cəmləndiyi “Milan”da. Mənim qarşımı təkcə arxayınlaşmaq kəsmədi.
- Başqa nələr, kimlər?
- Dizimdəki zədələr. 9 dəfə sol, 3 dəfə sağ ayağımdan əməliyyat olunmaqla bu göstəricidə dünyada ikinciyəm. Birinci yerdə 14 dəfə əməliyyata məruz qalmış Pyerluici Kazeraqidir. Bu, faktdır.
- Gürcüstan futbolunun ən məşhur siması Xviçadır. Razısınız?
- Bu dəqiqə ən titullu gürcü futbolçu Kaxa Kaladzedir. İki dəfə Çempionlar Liqasının, iki dəfə İtaliya çempionatının qalibidir.
- Kaxa Xviça qədər məşhurdur?
- Kaxa öz dövrünün ən güclü və titullu komandalarından birində oynayırdı. “Milan”ın adı bəs edir.
- Razılaşaq ki, Alessandro Nesta ilə Paolo Maldininin kölgəsində qalırdı.
- Deməzdim. Kaxa əsas heyətin dəyiişməz üzvü idi. Hə, Maldini kapitan idi, ancaq Kaxa da onun kimi daim “11-lik”də yer alırdı. Ronaldinyo, Kaka, Pirlo, Qattuzo ilə birlikdə. 7 il “Milan”da oynamaq bilirsiniz nə deməkdir? Təbii ki, Gürcüstanın ən titullu futbolçusu Kaladzedir. Yenə deyirəm, Xviçanın dünyanın ən yaxşısı olmaq üçün əla şansı var. Və bunu bacaracağına inanıram. Titullar qazanandan sonra Gürcüstanın ən güclü futbolçusu adına yiyələnəcək.
- Yaxın gələcəkdə belə bir azərbaycanlı futbolçunun olacağına inanırsınız?
- Bizə ümid etmək qalır. Bunun üçün çox çalışmaq lazımdır.
HƏBİB / SPORTİNFO.AZ