Premyer Liqada legioner limitinin ləğvi edilməsindən sonra azərbaycanlı gənclərin oynamaq şanslarının birə-beş azalacağı gözlənilən idi.
Təsadüfi deyil ki, arxada qalan 13 turda yeni simalara çox az rast gəlmişik.
Təbii ki, kiçik istisnalar yaranmış qaydanı dəyişmir.
Qeyd edə biləcəyimiz istisnaların mərkəzində "Kəpəz" komandası dayanır.
Konkretləşdirsək baş məşqçisi Azər Bağırov.
Məhz onun gəlişindən sonra bölgə klubu bəzən meydana 7-8 yerli oyunçu ilə daxil olur. Arasında Elcan Əbilov, Şahmar Aşurov, Raul Məmmədov, Ümid Səmədov kimi gənclərin yer alması ikiqat sevindiricidir.
Halbuki Bağırova kimi baş məşqçi postunda yer alan Adil Şükürov bəzən hətta 9 əcnəbi ilə komandanı meydana buraxırdı.
Elə Azər Bağırovla söhbətimizdə də daha çox yerli oyunçular və xüsusilə gənclərin durumu barədə danışdıq.
- Ardıcıl məğlubiyyətlər alan "Kəpəz"də nəyi dəyişə bilmisiniz?
- Toxunuşlar konkret motivasiya yönündə olub. Bilirik ki, uduza-uduza gedən komandada ruh düşkünlüyü olur. Özünə inamsızlıq yaranır. Bu istiqamətdə böyük işlər görüldü. Bunun fonunda fiziki durumu nəzarətə götürdük. İstər-istəməz məğlubiyyətlər fiziki kondisinal keyfiyyətlərə də təsir etmişdi. Bir də mənim üçün vacib olan oyun sistemini qurmaq, səhvləri azaltmaq, tapşırıqlardan kənara çıxmamaqdır.
- 3 qələbə görülən işlərin nəticəsi baxımından yetərlidir, yoxsa daha çoxunu haqq edirdiniz?
- Məncə, itirdiyimiz xallar olub. Hələ böyük işlər görməmişik. Qışa qədər olan dövrün ən dramatik anlarına daxil oluruq. Qarşıda 3 görüşümüz var. Çox vacib oyunlardır. Qazanılacaq xallarla turnir cədvəlində önə çıxmaq, "Kəpəz"in başağrısı olacağını dedizdirmək yaxımından yaxşı olar. İşimiz hələ çoxdur.
- Həm də toxunuşlarınız heyətlə bağlı oldu deyə bilərik. Xüsusilə yararsız əcnəbilərin təmizlənməsi əməliyyatını izlədik. Əvəzində yerlilərə daha çox meydan verməyə başladınız...
- Mənim prinsiplərimə görə kimliyindən asılı olmayaraq məşqlərdə özünü yaxşı tərəfdən göstərənlər digərlərinə nümunə olmalıdır. Məşqlərdə xüsusilə yerlilər özünü yaxşı tərəfdən göstərməyi bacardılar.
- Bir anda bu qədər əcnəbinin ehtiyata göndərilməsi, ardınca yolların ayrılması riskli deyildi?
- Xeyr. Gəncəli azarkeşlər futbolu gözəl bilir. Eyni səviyyədə, hətta bir baş üstün olan legionerdənsə yerlini oynatmaq mənə daha vacibdir. Bu həm də mənəvi məsələdir. Azərbaycanlı olduqları üçün onların inkişafı mənim üçün daha dəyərlidir. Məncə, yerlidən 2-3 baş üstün olmayan legionerdənsə azərbaycanlıları oynatmaq təkcə mənə, azarkeşlərə yox, hamıya xoş olar.
- Birinci dövrədə 8 əcnəbi ilə "Kəpəz" "Karvan-Yevlax"a məğlub olmuşdu. Amma ikinci dövrədə sizin rəhbərliyiniz altında meydana cəmi 4 legionerlə çıxan kollektiv səfərdə qələbə qazandı...
- Uşaqların qələbə əzmini vurğulamaq lazımdır. Meydanda kimin olmasının önəmi yoxdur. Əsas önəmli olan komandanın adıdır. Birlik hər şeydən önəmlidir.
- Bu o anlama gəlirmi ki, yerlilər "Kəpəz" formasının ağırlığını, vəziyyətin ciddiliyini daha yaxşı və tez başa düşdülər, hiss etdilər?
- Əlbəttə. İstənilən məğlubiyyət bir yerli məşqçi, yerli oyunçu kimi bizə daha çox ağrı-acı verir. Biz sonucda bu vətənin övladlarıyıq. Bütün azarkeşlərin tənqidlərini daha rahat qəbul edə bilirik.
- Yerlilərdən söz düşmüşkən, arasında Elcan Əbilov, Şahmar Aşurov kimi ötən mövsümü uyğun olaraq "Neftçi" və "Zirə"də keçirən gənclər də var. Onlar barədə fikirləriniz maraqlıdır...
- Onlarda nəsə görmüşük ki, bu gün bizimlədilər. Düzdü, Elcan məndən öncədən komandadadır. Amma bu gün onların meydanda olması göstərir ki, cücərtilər var. Qalır düzgün qərarlar, düzgün zamanlama. Belədə gələcək karyeralarında iri addımlar ola bilər. Amma ümumilikdə onlar da məşq zamanı və oyunlarda bunun ağırlığını hiss edirlər.
- Qeyd etdiyiniz cücərtiləri yaxşı məhsula çevirmək üçün nələr vacibdir?
- Maksimum çalışmaq önəmlidir. Məşq zamanı dediyimiz tapşırıqlardan kənara çıxmaq olmaz. Bəzən hansısa addımlar futbolçu üçün həmin anda yaxşı və ya düz görünə bilər, amma hər zaman bar verəndə başı aşağı salmaq, tapşırıqları uğurlu icra etmək lazımdır. Qazanmaq çətindir, əldə saxlamaq ondan da çətindir.
- Sadaladıqlarınız futbolçu aspektindən yanaşmadır, bəs gəncləri qazanmaq üçün baş məşqçilər nə etməlidir?
- Bəli, onlara inanmaq, şans vermək işin önəmli parçasıdır. Bu fikirlərdə həqiqət var. Gərək hər iki tərəf buna hazır olsun. Məsələn, "Araz-Naxçıvan"la görüşdə Elcan və Şahmarı eyni vaxtda meydana buraxmaqla bəlkə də məğlub ola bilərdik. Belədə qınaq obyektinə çevrilmiş olacaqdım. Amma uğurlu olduğu halda həm də təriflər gəlir. Ona görə də zamanlama önəmlidir. Şükürlər olsun ki, uşaqlar özünü yaxşı tərəfdən göstərdi və qələbə qazandıq.
- Risk etmək demişkən, bəlkə bəzi həmkarlarınız qorxaqlıq göstərir?
- Qorxmaq deməzdim. Risk edib-etməmək ola bilər. Hələ mövsüm qarşıdadır. İnanıram ki, Azərbaycan futbolu naminə belə addımlar atılacaq.
- Bəs risk etməyə dəyəcək gənclərimiz olduğunu deyə bilərik?
- 100% var. Biz istedadlı millətik. İnanmaq və inandırmaq lazımdır.
- Bu fikirlərinizi qış fasiləsində digər klublarımızda kölgədə qalan istedadlı yeni gəncləri sərəncamınızda görəcəyimizin mesajı kimi qəbul edə bilərik?
- Həqiqətən, bu mövsüm digər klublarda yerli oyunçuların az şans aldığını görürük. Çox istərdim ki, həmin futbolçulardan heyətimizə cəlb edək. Həm oyunçular üçün, həm də klubumuz üçün nəsə edə bilərik.
- "Araz-Naxçıvan"la 120 dəqiqəlik mübarizədən qalib ayrıldınız. Həmin görüşdə start heyətində 6 yerli yer alırdı. Əksəriyyət də gənclər. Bunu "istəsək yerli oyunçular ilə də hədəfə çata bilərik" mesajı kimi qəbul edilə bilər?
- Yox, çox da elə mesaj vermək istəmirəm (gülür). Məqsədimiz əlimizdə olan materialdan maksimum istifadə etməkdir.
XANOĞLAN İMANOV

