Vernidub onu da “Neftçi”də özünə köməkçi götürdü - SON DƏQİQƏ

16:00 Neftçi 357
Vernidub onu da “Neftçi”də özünə köməkçi götürdü - SON DƏQİQƏ

Yuri Vernidubun «Neftçi»də daha bir köməkçisinin adına aydınlıq gəlib.

Aqil Məmmədov qapıçılarla işləyəcək.

O, 10 ildir ki, «ağ-qaralar»a xidmət edir. 2015-ci ildə bura «Bakı»dan gəlmiş Məmmədov 2023-cü ilədək komandanın qapıçısı olub.

Daha sonra zədə üzündən karyerasını bitirib, məşqçilik həyatına atılıb. Axır həftələrə kimi akademiyada bu sahənin incəliklərini uşaq və yeniyetmələrə öyrədib.

Ukraynalı çalışdırıcı Sənan Qurbanovu da özünə yardımçı götürüb. Vaxtilə «Qəbələ» və «Keşlə»yə (indiki «Şamaxı») ölkə kubokunu qazandırmış mütəxəssis komandanın ümumi hazırlığı üzrə «sağ əl» funksiyasını yerinə yetirəcək.

Qurbanov 2023-cü ildən paytaxt təmsilçisində fəaliyyət göstərir. Adrian Mutu və Miodraq Bojoviçin vaxtında əsas komandada işləyib.

2024-cü ilin yayında, Roman Qriqorçukun gəlişindən sonra akademiyaya yönəlib, koordinator vəzifəsini icra edib.

Vernidubun korpusunda ümumilikdə 6 nəfər yer alacaq. Onlardan 4-ü öz tanışlarıdır.

Əsas köməkçisi oğlu Vitali Vernidub olacaq. «Şerif»in sabiq sükançısı fiziki və taktiki hazırlıq, həmçinin analitik vəzifələrini həmyerlilərinə əmanət edib.

“Neftçi“nin dəvəti ilə Azərbaycana gələn Yuri Vernidub klub rəhbərliyi ilə görüşüb.

Komandanın sükanı arxasına keçməyə ən real namizəd olan ukraynalı müqavilənin müddəti və şərtləri ətrafında müzakirə aparıb.

Düşərgədən redaksiyamıza daxil olan məlumata görə, o, burada çalışmağa çox həvəslidir.

Hər halda Vernidub üzbəüz söhbətlər zamanı kifayət qədər pozitiv danışıb, “Neftçi“ kimi tarixi klubda işləməkdən ötrü hər cür kompromisə getməyə hazır olduğunu bildirib.

Sadəcə, bəzi xırda detallar qalıb ki, onun da gün ərzində razılaşdırılması gözlənilir. Son anda möcüzə baş verməsə, tərəflər arasında 1,5 illik müqavilə imzalanacaq.

Qarşıdakı zaman kəsiyində uğur əldə etsə, müqaviləsinin müddəti azı daha bir il uzadılacaq.

Ukraynadakı qaydalara əsasən, 60 yaşı tamam olmayan kişilərin ölkədən çıxışına icazə verilmir.

Ancaq “Neftçi” ilə Ukrayna dövlət qurumları arasında aparılan danışıqlar nəticəsində gələn ay 60 yaşı tamam olacaq Vernidubun ölkədən çıxışına icazə verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti