“Qəbələ”nin legioneri İsaak Amoah Sportinfo.az-a müsahibə verib.
24 yaşlı qanalı müdafiəçi komandasının “Zirə”yə 0:1 hesablı məğlubiyyətdən sonra sualları cavablandırıb.
- Yenə baxımlı oyun və məğlubiyyət.
- Təəssüf ki, belədir. Hər dəfə meydanda can qoyuruq, rəqiblərə baş ağrı oluruq, lakin yekun nəticə eyni olur. Artıq nə deyəcəyimi də bilmirəm. Başlıca səbəb qol vura bilməməyimizdir. Qol vura bilmirsənsə, xal qazanmaq mümkün deyil.
- İbrahim Sanqare penaltini qola çevirə bilsəydi, yekun nəticə fərqli olardı, səncə?
- Bunu demək mümkün deyil. Onu deyə bilərəm ki, hesabı açsaydıq, “Zirə” üstümüzə gələcək və müdafiədə boşluqlara yol verəcəkdi. Həm də rahat oynaya bilməyəcəkdilər, tələskənlik olacaqdı. Penalti lotereya kimidir, nə olacağını bilmirsən. Ona görə də Sanqareni dəstəkləməliyik.
- Nəyə ehtiyacınız var?
- Qol imkanlarından maksimum yararlanmalı və müdafiədə kobud səhvlərə yol verməməliyik. Oyun planında yaxşıyıq, nəsə etməyə çalışırıq. Lakin qol vura bilməmək və müdafiədəki səhvlər mental olaraq bizi məhv edir.
- Sənə elə gəlmir ki, heyətdəki adlar və kəmiyyət baxımından çempionatın ən zəif komandası “Qəbələ”dir.
- Kəmiyyət məsələsi ilə sizinlə tam razıyam. Bizdə rotasiyalar üçün heyət geniş deyil. Digər tərəfdən, rəqiblərin heyətində fərdi ustalığı yüksək olan futbolçuların sayı çoxdur. Ona görə də gücümüz yalnız mübarizə aparmağa çatır. Bu isə hələ ki, uğurlu nəticə üçün kifayət etmir.
HƏBİB

