“Neftçi”də iki dəfə qıcıq yaradan - Növbəti “ŞOU” gözlənilir?

19:20 Gündəm 116
“Neftçi”də iki dəfə qıcıq yaradan - Növbəti “ŞOU” gözlənilir?

Premyer Liqaya rəng qatan komandalardan olan “Sabah” üçün ən prinsipial oyun “Qarabağ”a qarşıdır.

“Tələbələr” illərdir “köhlən atlar”ı çempionluq taxtından salmağa çalışsa da, buna nail ola bilməyib.

İkinci derbi saydıqları qarşılaşma isə “Neftçi”ylə oyunlarda olur. Məlum məsələdir, “ağ-qaralar” ölkənin ən köklü və ikinci ən titullu klubudur.

Odur ki, dekabrın 8-də, 14-cü tur çərçivəsində keçiriləcək “Sabah” – “Neftçi” dueli həftəyə damğa vuracaq. Artıq indidən qarşılaşmanın gərginliyini təsəvvür etmək çətin deyil.

Bu komandalar arasındakı duelləri yada salanda, daha çox 2023/24 mövsümünün sonu yada düşür. Sonuncu - 36-cı turda keçmiş adı “Neftçi Arena” olan stadionda baş tutan oyun avrokuboklara vəsiqə baxımından prinsipiallıq daşıyırdı.

Hansı komanda udsaydı, ölkəmizi Konfrans Liqasında təmsil edəcəkdi. Gərgin və yüksək tempdə keçən görüşün yekununda “Sabah” Namiq Ələsgərovun vurduğu yeganə qol hesabına avrokuboklara vəsiqəni “Neftçi”nin “evi”ndə təmin etmişdi.

Üstündən 1 il keçməmiş tale bu komandaları yenidən üz-üzə qoymuşdu. Bu dəfə Azərbaycan kubokunun yarımfinalında.

Ötən mövsüm Premyer Liqa yolu ilə avrokuboklara vəsiqə şansını heçə endirən “ağ-qaralar” ümidini kuboka dikmişdi. Yarımfinaldakı ilk oyunda “Sabah” səfərdə 2:1 hesablı qələbəyə sevinərək işini asanlaşdırmış, Masazırdakı 1:1-lik heç-heçə “tələbələr”i finala daşımışdı. Sumqayıtdakı həlledici qarşılaşmada “Qarabağ”ı üstələyən “Sabah” həm tarixində ilk titulu, həm də Avropa Liqasına vəsiqəni qazanmışdı.

Faktlardan da göründüyü kimi, “Sabah” son 2 mövsümdəki həlledici anlarda “Neftçi”ni nokauta salmaqla rəqib komandada özünə qarşı qıcıq yaradıb. Bu dəfə vurulacaq növbəti mümkün zərbə isə bakılıların qış fasiləsinə 9-cu pillədə yollanmasına səbəb ola bilər.

Yeri gəlmişkən, bu komandalar arasındakı duellər zamanı hakim səhvlərinin yaşanması ənənəvi hal alıb. Ötən mövsüm Əliyar Ağayevin “Neftçi”nin qapısına penalti təyin etməməsinə görə VAR hakimi Rauf Allahverdiyev hakimlikdən uzaqlaşdırılmışdı.

Birinci dövrədəki matçda isə İnqilab Məmmədov “ağ-qaralar”ın xeyrinə “nöqtə”ni göstərməməklə bir növ hesabı bərabərləşdirmişdi.

Ümid edək ki, bu dəfə Rəvan Həmzəzadənin və digər həmkarlarının ifasında növbəti hakim şousu yaşanmayacaq.

Dekabrın 8-də “Bank Respublika Arena”da keçiriləcək oyunun start fiti saat 20:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti