“Qiymətlər çox qalxıb, gecikirik...” - Kaxa ilə Qəbələdə üzbəüz MÜSAHİBƏ

22 İyul 16:40 Müsahibə 553
“Qiymətlər çox qalxıb, gecikirik...” - Kaxa ilə Qəbələdə üzbəüz  MÜSAHİBƏ

Qəbələyə səfər etmişkən “Qəbələ”nin məşqinə baxmamaq mümkün olmazdı.

İyulun 17-də saatyarımlıq hazırlıq mərhələsini izləyəndən sonra komandanın baş məşqçisi Kaxaber Tsxadadzeyə ünvanlanacaq müəyyən suallar yaranmışdı.

Gürcüstanlı çalışdırıcı söhbəti sabaha saxlamağı xahiş edincə, razılaşdım.

Otelin foyesində baş tutan müsahibədə suallar əsasən “Qəbələ” ilə bağlı olmalıydı. Lakin fürsət düşmüşkən bir az konteksdən kənara çıxdıq.

- Bu gün sizi narahat edən nədir?
- Bu dəqiqə məni və bütün həmkarlarımı narahat edən məqam komandanın güclənməsidir. Ad xatirinə futbolçu yığmaq asandır. Söhbət sözün əsl mənasında güclənməkdən gedir. Ötən mövsüm I Liqanın çempionu olmuş komanda yerindədir. Bu gün 25 futbolçu ilə məşq edirik. Ancaq söhbət Premyer Liqa ilə ayaqlaşmaqdan gedirsə, geclənməliyik. Bizi narahat edən yeganə məqam budur.

- Güclənməyə kim, yaxud nə mane olur?
- Danışıqların müsbət nəticə ilə yekunlaşmaması. Futbolçuya baxırıq, bəyənirik, danışığa başlayırıq, lakin söhbətimiz hansısa yerdə qırılır. Bunun də müxtəlif səbəbləri var.

- Səbəblərdən danışsaq?
- Futbolçuların qiyməti əvvəlki illərlə müqayisədə çox artıb. Pandemiya dönəmində və ondan sonrakı 1-2 ildə Avropa klubları maddi sıxıntı yaşayırdı. Reklam gəlirləri azalmışdı, stadionlara giriş bağlanmışdı. Belə olan halda Avropa klubları futbolçulara yüksək maaş verə bilmədiyi üçün onları yola gətirmək asan idi. İndi baxırsan, gəlirləri yaxşıdır deyə, futbolçulara istədikləri məvacibi verirlər. Ona görə də bizim təklif etdiyimiz pul onları qane etmir.

- Premyer Liqanın startına bir aydan az vaxt qalıb. Gecikmirsiz?
- Yəqin ki, gecikirik. Gecikirik... Nə edək? Pozitiv düşünərək gözləyirik. Komandaya xeyir verə bilməyəcək futbolçu nəyimizə gərəkdir? Digər klublarda olduğu kimi, bizdə də vəsaitlə bağlı müəyyən sərhəd var. Cibimizə uyğun axtarış aparırıq.

- Yol üstə olan kim(lər)sə var?
- Bir nəfər var idi, razılaşmışdıq. 1-2 günə gəlməliydi. Təəssüf ki, dünən axşam onunla əlaqə kəsildi.

- Hazırkı “Qəbələ”ni növbəti mövsümə neçə faiz hazır hesab edə bilərik?
- Prinsin U-19 komandamızdan cəlb olunduğunu nəzərə alsaq, cəmi üç transfer etmişik. Bu, çox azdır. Bundan sonra bizə azı altı legioner lazımdır.

- Toplanışın gedişatından razısınız?
- Komandanın Bakıya getməsinin əleyhinəyəm. Burada inanılmaz dərəcədə möhtəşəm şərait var. Qəbələni təmsil ediriksə, burada məşq etməli, burada oynamalı, burada məskunlaşmalıyıq. Başqa cür ola bilməz!

- Klubun büdcəsini, baş verən prosesləri, cəlb etdiyiniz futbolçuların qiymətini nəzərə alsaq, “Qəbələ” hansı hədəflər uğrunda mübarizə aparacaq?
- Bayaqkı söhbətə qayıdıram, güclənməyə ehtiyacımız var. Hətta “Qarabağ” kimi komanda da buna ehtiyac duyur.

- Hazırda görünən mənzərə budur ki, 12 komanda iki hissəyə bölünəcək. “Qarabağ”, “Zirə”, “Araz-Naxçıvan”, “Sabah”, “Neftçi”, “Turan Tovuz” – bunlar maliyyə imkanı yaxşı olanlardır ki, mükafatçı yerlər uğrunda mübarizə aparacaqlar. Yerdə qalan altı komanda elitada qalmağa çalışacaq. Razısınız?
- Məncə, “Sumqayıt” da adlarını sadaladığınız altı komandanın siyahısına daxildir.

- Belə düşünürsünüz?
- Zaman göstərəcək. Fikrimcə, dediyim kimi olacaq.
- Olsun, “Sumqayıt”ı da pulluların sırasına qataq.

- Bu dəqiqə heç kim iddiadan danışa bilməz. Hər şey komandaların çempionatın startına qədər nə dərəcədə güclənəcəyindən asılıdır. Qarşıda bir ay vaxt var. Komandanı formalaşdıraq, hədəflə bağlı sualınıza cavab verərəm.

- “Turan Tovuz”, “Kəpəz”, “İmişli” və “Karvan” rəqiblərini müvəqqəti başqa stadionlarda qəbul edəcək. “Qarabağ”la “Araz-Naxçıvan” da Bakıda oynayır. Bu vəziyyət Premyer Liqaya yaraşır?
- “Qarabağ”la “Araz-Naxçıvan” siyasi məsələlərə görə Bakıda məskunlaşıb. Əminəm ki, ən qısa zamanda öz meydanlarında çıxış edəcəklər. Qarabağ işğaldan azad olunub, hazırda Ağdamda stadion tikilir. Naxçıvan məsələsinə gəlincə, yollar tam istifadəyə veriləndən sonra “Araz-Naxçıvan” rəqiblərini öz stadionunda qəbul edəcək. Digər komandalara gəlincə, əlbəttə, xoş mənzərə deyil. Ancaq bu, müvəqqəti çətinlikdir. Bir neçə aydan sonra öz şəhərlərinə qayıdacaqlar və möhtəşəm stadionları, meydanları olacaq. Həmişə deyirəm, infrastruktur inkişaf etməyincə, yaxşı mənada heç nə əldə olunmayacaq. Futbolçunun yetişməsi üçün infrastruktur mütləqdir. Futbol kimin üçün oynanılır?

- Azarkeşlər üçün.
- Hanı azarkeşlər?

- Tovuzda, Gəncədə, Lənkəranda, Qusarda, Yevlaxda, İmişlidə...
- Onları başa düşdüm. Bəs qəbələlilər? Bu komandaya hörmət etmək lazımdır. Həqiqətənmi insanlarda şəhərin adı ilə bağlı patriotluq yoxdur? Avropalı azarkeşləri bizim azarkeşlərdən fərqləndirən nədir? Bizim tərəfdarlar ancaq qələbə istəyir. Avropada isə komandanın varlığı ilə qürur duyurlar, dəstəkləyirlər. Köməkçim Miloş Yevtiç “Partizan”ın qatı azarkeşidir. “Partizan” uduzanda biz onunla zarafat edirik, hirləndirməyə çalışırıq. Deyir, heç nə baş verməyib, bu gün uduzmuşuq, sabah udarıq. “Mançester Siti”nin şərəfini qoruyanda, orda gördüklərimə heyran qalmışdım.

- Nə mənada?
- (davamı olacaq)

HƏBİB / SPORTİNFO

Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 08:20 Quliyev Serbiya yolunda