Premyer Liqanı illərdir izləyənlər Ayxan Abbasovun bir oyun modelinə sahib olduğunu bilir.
O, harada çalışıbsa, beşli müdafiə taktikasına üstünlük verib.
Nadir hallarda bu sxemdən imtina edib. Dünən də həmin hadisə yaşandı.
«Şamaxı» Yevlaxda dördlü müdafiə ilə meydana çıxdı və bununla «Karvan»ı təəccübləndirdi. Füzuli Məmmədov və komandası belə sürprizə hazır deyildi və bu, nəticəyə də sıçradı.
«Şamaxı» oyuna üstün başladı və üstün bitirdi. İrəli zonaya çoxlu adam göndərib, səfərdən əliboş qayıtmaq istəmədiklərini göstərdilər.
Epizod qaçırmaları yalnız onlarda olmadı, «Karvan» da bir dəfə çox yaxın məsafədən boş qapıya düşməməyin təəssüfünü yaşadı.
Ayxan Abbasovun imkanı məhduddur. İstər maliyyə cəhətdən olsun, istərsə də oyunçu sarıdan.
Statistika da bunu söyləyir - o, əksər oyunları 13-14 nəfərlə keçirir. Sözsüz, mövcud vəziyyətdə enişli-çıxışlı qrafikin cızılması qaçılmazdır.
Dörd aydır deyirik və yenə deyəcəyik: «Şamaxı»dan sabitlik gözləməyin. Gözləyin: bu komanda gah uduzacaq, gah udacaq.
Ancaq şübhə etməyin: «Şamaxı» Premsyer Liqada yerini bu mövsüm də qoruyacaq. Ciddi narahatlıq üçün əsas yoxdur.
KAMİL

