Azərbaycana qayıtdı, Premyer Liqaya heyran oldu: “Özümü xoşbəxt hiss edirəm”

20:00 Müsahibə 294
Azərbaycana qayıtdı, Premyer Liqaya heyran oldu: “Özümü xoşbəxt hiss edirəm”

“Şamaxı” ilə “Sumqayıt” arasında baş tutan qarşılaşmanın son 20 dəqiqəsi kifayət qədər maraqlı alındı.

20 dəqiqə ərzində 3 qol vuruldu, hər iki komandanın baş məşqçisi qırmızı vərəqə aldı, bir sözlə, həyəcan son dərəcə artdı.

“Kimyaçılar”a qələbə qazandıran qolun müəllifi maqadaaskarlı hücumçu Aleksandr Ramalinqom Sportinfo.az-a verdiyi müsahibədə sualları cavablandırıb.

- Qələbə asan başa gəlmədi. Bunun üçün nə etdiz?

- Xarakter göstərdik. “Şamaxı” qol vurana qədər sanki özümüzdə deyildik. Lakin 70-ci dəqiqədə hesabın açılması bizi “ayıltdı”. Üstünlüyü tamamilə əlimizə alıb ardıcıl hücumlar təşkil etdik. Rəqibi təzyiq altında saxlamağımız onları səhvə məcbur etdi. Biz isə ələ düşən fürsətlərdən yararlanmağı bacardıq.

- Səmimi söylə, hesab rəqibin xeyrinə olanda meydanı 3 xalla tərk edəcəyinə inanırdın?

- İnamım var idi. Çünki komandamızın gücünə və keyfiyyətinə bələdəm. Hətta hesabı bərabərləşdirəndə, ehtiyatda 4-5 dəqiqə var idi. Və həmin dəqiqələrdə daha bir qol vuracağımıza ümid edirdim. Meydandakı hər bir futbolçu döyüşçü xarakteri göstərdi.

- Hesab bərabərləşən anda baş məşqçilər arasında münaqişə yaşandı. Həmin hadisə meydanda prinsipiallığı artırdı? Ki, bu qələbəni Saşa İliçi sevindirmək üçün qazanaq.

- Açığı, orada nələrin yaşandığını dəqiq görmədim. Çünki o anda biz qolu qeyd edirdik. Qələbəni fərd olaraq kiməsə həsr etmək doğru olmaz. Çünki bu, məşqçilərin, futbolçuların, rəhbərlərin, azarkeşlərin – hamımızın qələbəsidir. Digər tərəfdən, məşqçilər arasındakı olaya köklənsəydik, bəlkə də qələbə topunu vura bilməzdik. Belə anlarda önəmli olan soyuqqanlılığı qorumaq, fikrini oyuna cəmləməkdir.

- Azərbaycanda ilk iş yerin “Səbail” olub və kifayət qədər məhsuldar təsir bağışlayırdın. Orada oynamaq rahat idi, yoxsa “Sumqayıt”da?

- Futbolda rahatlıq yoxdur. Həftəiçi gərgin məşqlər edirik, həftəsonları bugünkü kimi çətin oyunlara çıxırıq. Hər iki komandada eyni işi görürəm. Ona görə də fərqləndirmək istəmirəm. Onu deyə bilərəm ki, “Sumqayıt”dayam və burada özümü xoşbəxt hiss edirəm. “Səbail”də də unudulmaz günlərim olub. Ancaq onlar yaşanmışlardır, keçmişdir.

- 2 il əvvəl və indi. Premyer Liqanın səviyyəsi yüksəlib?

- Əlbəttə, kifayət qədər fərq var. İlk növbədə komanda sayı artıb, bölgə komandaları çoxalıb. Digər tərəfdən indi daha çox legioner görürəm. “Qarabağ”ın Çempionlar Liqasındakı nəticələri fantastikdir. “Sabah”, “Zirə”, “Araz-Naxçıvan”da avrokuboklarda özlərini yaxşı tərəfdən göstərdilər. Çempionatın səviyyəsinin yüksəlməsi avrokuboklardakı nəticələrə də təsir edir. Get-gedə daha maraqlı olacağına inanıram.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti