“Neftçi” xeyli vaxtdır danışıq apardığı Yuri Vernidubla münasibətləri rəsmiləşdirmək üzrədir.
59 yaşlı çalışdırıcı şəraitlə tanış olmaq və müqavilə detallarında ortaq dil tapmaq üçün Bakıya təşrif buyurub.
“Ağ-qaralar” potensial baş məşqçi ilə razılığa gəlməyə çalışsa da, keçmiş çalışdırıcı ilə əl sıxmayıb.
Əldə etdiyimiz məlumata görə, “Neftçi” Samir Abasovun istəyini yerinə yetirməkdə maraqlı deyil. Burada söhbət cari mövsümün sonuna – yəni iyun ayına qədər nəzərdə tutulan maaşların ödənilməsindən gedir.
Abasov özünün və dörd köməkçisinin müqavilədə yazılmış şərtlər üzrə əməkhaqqılarının verilməsində israrlıdır. Bununla bağlı sözünü rəsmilərə “Neftçi”dən ayrılanda açıq şəkildə bildirib.
Klub rəhbərliyi 47 yaşlı mütəxəssisə və köməkçilərinə noyabr və dekabr aylarının məvacibini təklif edib. Qarşı tərəf bununla razılaşmayıb, Təklifi heç yaxına da buraxmayıb.
Abasova yer edən “Neftçi”nin ayrılıq anonsunun o şəkildə təqdim etməsi (təzminat davası edən məşqçi – H.) və digər əcnəbi mütəxəssislərlə müqayisədə özünə qarşı edilən hörmətsizlikdir.
Keçmiş baş məşqçi hesab edir ki, Adrian Mutu, Roman Qriqorçuk kimi həmkarlarına təzminat son qəpiyinə qədər ödənilibsə, azərbaycanlılara qarşı münasibət də eyni cür olmalıdır.
Hazırda tərəflər arasındakı gərginlik davam edir. Söhbətin AFFA-ya, daha sonra İdman Arbitraj Məhkəməsinə qədər gedib çıxmaq ehtimalı kifayət qədər yüksəkdir.
HƏBİB / SPORTİNFO.AZ

