“Qarabağ”ın qapıçısı Fabiyan Buntiç Sportinfo.az-a müsahibə verib.
Cari Premyer Liqa mövsümündə ilk dəfə şans qazanan 28 yaşlı xorvatiyalı komandasının “Karvan-Yevlax” üzərində qazandığı 2:0 hesablı qələbədən sonra sualları cavablandırıb.
- Çempionlar Liqasının Liqa mərhələsində 8 qol vuran “Qarabağ” autsayderin qapısına yol tapmaqda çətinlik çəkirdi. Problem nədə idi?
- Bu, rəqib komandanın böyük qüvvə ilə geri çəkilməsi ilə bağlıydı. Top bizdə olanda 11 nəfərlə müdafiə olunurdular. Belə olanda boş mövqelər axtarıb tapmalısan. Lakin bu, müəyyən qədər zaman alır. Boşluqları son 10-15 dəqiqədə təzyiqi artırmaqla tapdıq. Təbii ki, burada əvəzetmələrin də rolu oldu. Önəmli olan 3 xal idi ki, o da bizim oldu.
- 4 gündən sonra Azərbaycan kubokunda “Karvan-Yevlax”la yenidən qarşılaşacaqsız. Qısa müddətdə eyni rəqibə qarşı oynamaq bəzdirici deyil?
- Bu qrafikə öyrəncəliyik. Mövsüm başlayandan sıx təqvimdə oynayırıq. Rəqibin kim olması önəm daşımır. Vacib olan oyunumuzu yaxşılaşdırmaq, səhvlərə yol verməmək və qələbələr qazanmaqdır. Əksinə, eyni rəqibə qarşı oynamaq yaxşıdır. Çünki onların nə edəcəyini və necə oynayacağını bilirsən.
- Dekabrda 18 gün ərzində 6 matça çıxacaqsız. Qış fasiləsi öncəsi buna hazırsız?
- “Qarabağ”a gəldiyim gündən bu cür oynayırıq. Bir növ buna öyrəncəliyik. Daha çox inkişaf etmək istəyiriksə, həftədə iki dəfə oynamağa hazır olmalıyıq. Fikrimcə, ciddi problem olmayacaq.
- “Karvan-Yevlax”ın “Qarabağ”ı 1/4-ə buraxmaması mümkün ola bilər?
- Məqsədimiz hər görüşdən qələbə ilə ayrılmaqdır. Bu dəfə də hədəfimizdən əl çəkməyəcəyik. Futbolda mümkünsüz heç nə yoxdur. Biz öz işimizi görməklə sevinən tərəf olmaq istəyirik.
HƏBİB

