“Azərbaycan millisinə elə futbolçular dəvət olunur ki...” – Çəkinmədi, açıq danışdı

30 Noyabr 2025 10:30 Müsahibə 4 762
“Azərbaycan millisinə elə futbolçular dəvət olunur ki...” – Çəkinmədi, açıq danışdı

Cari mövsümdə Premyer Liqada legioner limitinin ləğv edilməsi əksər futbolçuların Azərbaycanı tərk etməsinə səbəb oldu.

Vətəndə mütəmadi oynamağın və sərfəli qazancın mümkünsüzlüyünü anlayanlar kütləvi şəkildə Qırğızıstana üz tutdu ki, Orxan Əliyev, Ramin Əhmədov, İldar Alekperov, Mirabdulla Abbasov, İlkin Muradov başa çatan mövsümü sözügedən ölkədə keçirdi.

Mövsümün ikinci yarısının xüsusən Orxan üçün uğurlu alındığı deyə bilərik. 29 yaşlı futbolçu “Ozqon”un heyətində meydana çıxdığı 9 görüşdə 7 qolla yadda qaldı.

Hazırda Bakıda istirahət edən Əliyev Sportinfo.az-a verdiyi müsahibədə Qırğızıstan karyerası və digər məqamlarla bağlı sualları cavablandırıb.

- Mövsümü özün və komandan üçün necə dəyərləndirirsən?

- Yaxşı alındı, ancaq əla da ola bilərdi. Başlanğıcda 8 oyunda 7 qol vurub, 1 məshuldar ötürmə verdim. Sonra zədələndim deyə, 4 matçda iştirak edə bilmədim. Bir də sonuncu turda meydana çıxdım. Ümumi götürsək, 9 görüşdə 7 qol hücumçu üçün pis göstərici deyil. Zədələnməsəydim, yəqin ki, 10-dan çox qol vurardım.

- “Ozqon”un ən məhsuldar futbolçusu oldun səhv etmirəmsə.

- Xeyr, məndən 1 qol çox vuran var idi. Ancaq o, bütün mövsümü oynamışdı, mənim kimi ikinci dövrədə gəlməmişdi. Sırf ikinci dövrəni götürsək, bəli, ən çox mən fərqləndim.

- Komandanın vəziyyəti necədir?

- Təzə yaranmış klubdur və ilk ildəcə yüksək dəstədə mübarizə apardı. Təcrübəsizliyi nəzərə alsaq, 14 komanda arasında 7-ci yer normal sayılmalıdır. İlk dövrədə xal itkiləri çox olmuşdu. Yayda heyətə yeni futbolçular cəlb olunandan sonra vəziyyət düzəldi. İtirilən xallar olmasaydı, mövsümü ilk “5-lik”də başa vurmaq olardı.

- Klubla müqavilənin müddəti başa çatıb?

- Bəli, mövsümün sonuna qədər idi. Amma...

- Amma nə?

- Klub yeni müqavilə bağlamaq istəyir. Anlaşma şərtlərini göndərəcəklər. Baxıb, tanış olandan sonra qərarımı verəcəm. Hələ ki, Bakıda istirahət edirəm. Klub rəhbərliyi və baş məşqçi komandada qalmağımı istəyirlər.

- Bəs, sən özün?

- Düzünü desəm, mənə orda rahatdır, hansısa problem hiss etmirəm. Rəhbərliyin işə yanaşmasını və özümə qarşı hörməti görürəm. Ola bilsin yeni müqavilə bağlayım. Ancaq fərqli qərar da verə bilərəm. Hələ ki, qərar verməmişəm.

- Bir də gördün “Kəpəz”dən zəng gəldi.

- (gülür) Hər şey ola bilər.

- Belə başa düşürəm ki, karyeranı yenidən Azərbaycanda davam etdirmək ehtimalı yox deyil.

- Açığı, o qədər də inanmıram. Limit aradan qaldırılandan sonra şərtlər dəyişib.

- Qırğızıstanda təklif olunan maaş sərfəlidir?

- Şükür, mənə sərf edir, gileylənməyə ehtiyac görmürəm.

- “Kəpəz”də, “Turan Tovuz”da qazandığından yaxşıdır?

- Əlbəttə. Hər ikisindəkindən yaxşı qazanıram.

- Yəqin ki, Azərbaycanı Qırğızıstana dəyişməkdə başlıca rolu məhz işin maliyyə tərəfi oynayıb.

- İlk növbədə özümə qarşı gördüyüm hörmət və inam, ikinci məsələ maliyyə şərtləri. Karyeramız qısadır, yaşa dolduqca pulu da fikirləşməliyik.

- Qırğızıstanda yaşamaq rahatdır?

- Müsəlman ölkəsidir, ona görə də çətinlik yoxdur. Şəxsən hansısa problem görmədim. Gedən kimi uyğunlaşdım, vaxt itirmədim. Başqa ölkəyə gedəndə əsas problem dil və qidalanma olur ki, Qırğızıstanda bu baxımdan problem yaşamırıq.

- Çempionatın səviyyəsi necədir?

- Futbolun və çempionatın səviyyəsi get-gedə inkişaf edir. Məsələn, ötən mövsüm elitada 14 komanda mübarizə aparırdı, gələn il 16 iştirakçı olacaq. Pillə-pillə irəliləyirlər.

- Qırğızıstan çempionatının indiki səviyyəsi Azərbaycan Premyer Liqasının neçə il əvvəlini xatırladır?

- Mənim üçün müqayisə aparmaq çətindir. Çünki Azərbaycan futbolunun 20-30 il əvvəlini görməmişəm. Yalnız son 10-12 illə müqayisə apara bilərəm. Belə deyim, Qırğızıstan futbolu indi-indi inkişaf mərhələsinə qədəm qoyur. Və deyərdim ki, səviyyə heç də aşağı deyil, normaldır. Avropadan bacarıqlı məşqçilər və futbolçular Qırğızıstana gəlir. Bizim çempionatın indiki halı ilə onların liqasını müqayisə etsək, əlbəttə, fərq böyükdür. Bizim səviyyəmizə çatmaları üçün vaxt lazımdır. Belə davam etsə, təxminən 2-3 ilə Qırğızıstan çempionatı adından söz etdirəcək.

- Azərbaycanlı futbolçulardan Qırğızıstana getmək istəyənlər çoxdur yəqin.

- (gülür) Bəzi uşaqlar yazır, maraqlanır. Limit məsələsinə görə ölkədən çıxmaq istəyirlər. Ancaq bu, heç də asan deyil. Çünki tək Azərbaycandan yox, başqa ölkələrdən də gəlmək istəyənlər var. İlk növbədə futbolçu bacarığın yüksək olmalıdır, digər tərəfdən şəxsi əlaqələr, bacarıqlı agent. Ramin Əhmədov var, əvvəl “Zirə”də “Şamaxı”da oynayıb. Qırğızıstanda əla performans göstərdi deyə, bu gün bir neçə klub onu heyətində görmək istəyir. Çox yaxşı təklifləri var.

- 8 oyunda 7 qol vuranda Azərbaycan millisindən təklif gözləyirdin, yoxsa bu barədə heç düşünmürdün?

- Hər bir futbolçu yığma komandadan gələ biləcək təklifə hazır olmalıdır. Çünki bu, hər birimiz üçün fəxrdir, futbolçu karyerasının zirvəsidir. Mənim üçün Azərbaycan millisinin formasını geyinmək şərəfdir, qürurdur. Ona görə də təklif gözləyirdim. Yəqin ki, Qırğızıstan çempionatı güclülər sırasında olmadığına görə buna ehtiyac görmədilər. Ancaq mənə görə futbolçunun keyfiyyətləri əsas sayılmalıdır, hansı komandada oynaması yox. Bu adam milliyə kömək edə bilər, yoxsa yox? Bir söz deyim də.

- Buyur.

- Milli komandaya elə futbolçular dəvət olunur ki, oyun təcrübələri yetərli deyil. Oyun təcrübəsi az olanda özünü yaxşı tərəfdən göstərmək mümkün olmur. Nə qədər çalışsan da, nə qədər səviyyəli olsan da, faydalı olmursan. Çünki klubunda mütəmadi oynamırsan.

- Yeri gəlmişkən, “Turan Tovuz”u “Ozqon”a dəyişməyinə nə səbəb oldu? Daha çox oynamaq, yoxsa qazanmaq istəyi?

- Kurban Bekiyeviçə istər insan, istərsə də məşqçi kimi böyük hörmətim var. Yay toplanışında özü ilə danışdım, vəziyyəti başa saldım, oynamaq istədiyimi bildirdim. O da sağ olsun, sona qədər qulaq asdı, hörmətlə yanaşdı. Bəlkə də başqası olsaydı, müqavilə şərtlərini əsas gətirib buraxmazdı. Rəhbərliklə görüşdü və azad agent statusuna sahiblənməyimdə rol oynadı.

- Niyə getdin?

- Daha çox oynamaq istəyirdim. Limit tətbiq olunandan sonra azərbaycanlı futbolçulara az şans veriləcəyini hiss etmişdim.Hər nə qədər çox çalışsam da, bacarığım olsa da, legionerə daha çox şans verilir. Çünki legionerdir, adı üstündədir, daha çox maaş verilir. Həm də 30 yaşa çatmışam, özümü legioner kimi sınamaq da maraqlı gəlirdi.

Həbib Aslanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti