"Məğlub olsaydıq, problem sayıla bilərdi"

17:00 Müsahibə 92
"Məğlub olsaydıq, problem sayıla bilərdi"

"Turan Tovuz"un yarımmüdafiəçisi Xəyal Nəcəfov Premyer Liqanın 13-cü turunda "Neftçi" ilə qolsuz bərabərliklə bitən matçdan sonra Sportinfo.az-a müsahibə verib.

O, ilk olaraq görüş haqqında danışıb.

- Çətin olacağını bilirdik. "Neftçi" ötən turda "İmişli"yə məğlub olmuşdu. Meydana qələbə üçün çıxmışdıq. 3 xal qazana bilsək yaxşı yerlərə çıxa bilərdik.

- Ardıcıl üç oyunda qələbə qazana bilməməyin arxasında dayanan problem nədir?

- Problem deməzdim. Ən azından uduzmuruq. Məğlub olsaydıq problem sayıla bilərdi. Əsas odur ki, oyundan-oyuna uduzmayaq. Qazandığımız 1 xallar bizə sonda çox lazım olacaq.

- Meydanın örtüyü oyununuza nə dərəcədə təsir etdi?

- Düşünmürəm problem örtüklə bağlıdır. Çünki şərtlər hər iki tərəf üçün eynidir.

- Baş məşqçisisiz "Neftçi"yə qarşı mübarizə aparmaq asan, yoxsa çətin idi?

- "Neftçi" hər zaman "Neftçi"dir. İstənilən şərtlər altında belə. Oyunçular daha həvəsli göstərirdi. Yəqin ki, yeni gələcək məşqçi məhz bu oyunlara baxacaq. Oyunçular da bunun fərqindədir. Belə olan halda bizə daha çətin idi.

- Belə sönük oyunla çempionluğa iddia etmək olar?

- Sönük deməzdim. Tək bu görüşdə yox, digər oyunlarda da ən çox qol şansları bizdə olurdu. Ümumiyyətlə, çempionluğa hələ çox var. Mövsüm uzundur.

- Vacib oyun, rəqib də "Neftçi" olmasına baxmayaraq, tribunalar tam dolmamışdı. Bu məqam sizə necə təsir edirdi?

- Yox, təsir etmədi. Digər tərəfdən bu gün iş günüdür. Buna rəğmən yenə kifayət qədər azarkeş var idi. Hər birinə təşəkkür edirəm.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 17:20 II Liqada 4:1 günü